Məlum olduğu kimi, elektrik mühərrikli yük avtomobilləri idxal gömrük rüsumundan azad edilib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, yalnız elektrik mühərriki ilə hərəkətə gətirilən, zavod buraxılış tarixindən 3 ilə qədər ötmüş yük avtomobillərinin idxalı 1 yanvar 2028-ci ilə qədər gömrük rüsumundan azad edilib (mövcud rüsum dərəcəsi 5 %-dir). Qeyd etdiyimiz kimi, elektrik mühərrikli yük avtomobilləri idxal gömrük rüsumundan azad edilib. Maraqlıdır, elektrikli minik avtomobilləri niyə gömrük rüsumundən azad edilmir?
Aslan Əsədov: “Gələcəkdə elektrikli minik avtomobilləri də gömrük rüsumundan azad ediləcək”
Nəqliyyat eksperti Aslan Əsədov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, elektrik mühərrikli yük avtomobilləri ölkədə çox sayda deyil: “Həmin avtomobillərin gömrük rüsumundən azad edilməsində məqsəd odur ki, bu nəqliyyat vasitələrinin təbliğatı çox aparılsın. Məlumdur ki, elektrikli minik avtomobilləri ölkəmizdə artır. Bu avtomobillərin kütləviliyi ondan ibarətdir ki, onlar daxili sərnişindaşıma, taksi və digər sahələrdə istifadə edilir. Yük avtomobilləri isə konkret yüklərin daşınması üçün nəzərdə tutulub. Gələcəkdə elektrikli minik avtomobilləri də gömrük rüsumundan azad ediləcək”.
Fərid Həşimov: “Güzəştlər tətbiq edilsə, vətəndaşlar ucuz köhnə avtomobilə deyil, yeni avtomobillərə maraq göstərər”
Nəqliyyat eksperti Fərid Həşimov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, 2022-ci ildən ölkədə ekoloji təmiz nəqliyyat vasitələrinə, yəni elektrikli və hibrid avtomobillərə bir çox güzəştlər tətbiq olunub: “Elektrikli avtomobillərdə gömrük rüsumu və ƏDV, hibrid avtomobillərdə ƏDV ləğv edildi. Beləliklə, ölkəmizə gətirilən avtomobillərin sayı artıb. Güzəştlər tətbiq edilsə, vətəndaşlar ucuz köhnə avtomobilə deyil, yeni avtomobillərə maraq göstərər”.
Ekspert onu da əlavə etdi ki, elektromobillərin daha əlçatan olması üçün bununla bağlı bütün zəruri tədbirlər həyata keçirilir: “Məlumdur ki, hökumət elektrik mühərrikli avtomobillərdə əlavə dəyər vergisini ləğv edib. Həmçinin, elektromobillər üçün gömrükdə də aksiz vergisi və rüsumlar yoxdur. Sadəcə çox cüzi miqdarda bəyannamə xərcləri və xidmət haqqı var. Hökumət bu istiqamətdə mümkün olan bütün addımları atıb”.
Günel CƏLİLOVA