Avropanın ən böyük ölkələri Ukraynada atəşkəsə vasitəçilik etmək planlarını hazırlamaqla yanaşı Rusiyanın dondurulmuş 200 milyard avrodan çox aktivlərinə həbs qoymağa çalışırlar. "The Financial Times"-ın yazdığına görə, uzun müddətdir ki, Aİ-də Rusiyanın aktivlərinin ələ keçirilməsinə qarşı çıxan Fransayla Almaniya artıq Böyük Britaniya və digər ölkələrlə bu aktivlərdən istifadənin yollarını müzakirə edirlər. Atəşkəs tərəfdarları bununla Rusiyanı razılaşmaya əməl etməyə məcbur edə biləcəklərini düşünürlər. Fransa və Böyük Britaniyanın rəhbərlik etdiyi Avropa diplomatiyasının danışıqları Trampın Moskva ilə ikitərəfli danışıqlara başlamaq qərarından sonraya təsadüf edir.
Reuters yazır ki, Moskva dondurulmuş aktivləri Ukraynanın bərpası üçün köçürə bilər, lakin bir şərtlə ki, razılaşma sülh sazişinin tərkib hissəsi olsun. Bloomberg agentliyi isə bildirib ki, Kiyev Donald Trampdan Rusiyanın dondurulmuş aktivlərindən pul müqabilində ona silah satmağı xahiş edir. Ukrayna nümayəndələrinin fikrincə, belə bir qərar ABŞ və onun müdafiə sənayesi şirkətlərinin xeyrinə ola bilər.
Surxay Əliyev