Akif Nəsirli: “Aqroparkların yaradılması aqrar sektorun inkişafı üçün çıxış yolu deyil”
Azərbaycanda 22 rayon üzrə 66,3 min hektar ərazidə 24 aqroparkın yaradılması istiqamətində işlər görülür. Bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov deyib.
O bildirib ki, 23 aqropark artıq fəaliyyətə başlayıb, bir aqroparkda isə tikinti-quraşdırma işləri aparılır. Qeyd edək ki, aqroparklardan altısı heyvandarlıq, altısı meyvəçilik, 11-i əkinçilik, biri isə çeşidləmə, qablaşdırma və logistika üzrə ixtisaslaşıb.
Maraqlıdır, aqroparklar rayonlarda və kəndlərdə məşğulluğu təmin edə bilərmi? Ümumiyyətlə, aqroparkların aqrar sektora, ölkə iqtisadiyyatına nə kimi töhfəsi var?
“Aqroparklar rayon və kəndlərdə işsizliyi qismən də olsa aradan qaldırır, ancaq…”
Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, aqroparklar rayon və kəndlərdə işsizliyi qismən də olsa aradan qaldırır. Aqroparklar hökumətin qarşıya qoyduğu hədəfə çatmayıb: “Buna baxmayaraq, hələ də aqroparkların yaradılması davam edir. 2015-ci ildə aqroparkların yaradılmasına start veriləndə qeyd edildi ki, 5 ildən sonra Azərbaycanda taxıl idxalına ehtiyac qalmayacaq. Məlumat üçün deyim ki, 2015-ci ildə də 1 milyon 200 min ərzaq buğdası idxal edilirdi. 2024-cu ildə də eyni həcmdə buğda idxal olunur. Cari ildə də eyni vəziyyət müşahidə olunacaq. Ötən 10 il ərzində qeyd edilən hədəf istiqamətində hər hansı bir irəliləyiş yoxdur. Məlumdur ki, aqroparklarda istehsal olunan ərzaq buğdası heyvardarlıq təyinatı üzrə istifadə olunur.
Digər strateji məsələ pambıqçılığın inkişafı idi. Bu isə kökündən yanlış qərardır. Son 4-5 ildə Azərbaycanda pambıqçılıq iflasa uğrayıb. Ilbəil pambıq istehsalı azalır. Bu onu deməyə əsas verir ki, aqroparkların yaradılması aqrar sektorun inkişafı üçün çıxış yolu deyil. Bu sahənin inkişafı üçün aqroparklar özəlləşdirilməlidir. Belə olarsa, 2015-ci ildə qarşıya qoyulan hədəfə bir neçə ilə çatmaq olar”.
Günel CƏLİLOVA