Xalid Kərimli: "Bu iki qurumu birləsdirməklə sürətli, çevik və effektiv qərarlar qəbul etmək mexanizmi qurulacaq".
Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili haqqında Fərman imzalayıb.
Fərmana əsasən, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin ona qoşulması formasında yenidən təşkil ediləcək.
Bu qərarın iqtisadi səmərəsi nə ola bilər?
Baki-xeber.com-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli bildirdi ki, xatirlayirsınızsa, bir müddət əvvəl Azərbaycan İnvestisiya Holdinqinin tərkibindən nəqliyyata və rabitəyə aid qurumlar Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqin (ASKON) tərkibinə verildi: "Ardınca isə bu qərar gəldi ki, ASKON-un tərkibində olan iki idarə - Liman və Cəmiyyət birləşdirilsin. ASKON yaradılanda əsas məqsəd ondan ibarət idi ki, nəqliyyata aid qurumların vahid idarəetməsi təşkil edilsin. Düzdür, İnvestisiya Holdinqi prosesə başlayırdı, amma onun tərkibində çoxlu sayda böyük şirkətlər var. Ona görə də İnvestisiya Holdinqi nəqliyyat məsələsinə fokuslana bilmirdi. Nəqliyyat və tranzit məsələsi isə ölkə üçün xüsusi əhəmiyyətə malikdir. Bu baxımdan ASKON ona görə yaradıldı ki, nəqliyyaya və rabitəyə aid qurumlar bir yerdə cəmləşsın. Cəmiyyət ilə Liman ona görə birləşdirilib ki, birincisi, bu iki qurumun inkişafi bir yerdə mümkündür. Çunki liman vasitəsilə gələn yüklər sonradan əsasən dəmir yolları ilə hərəkətini davam etdirir. Yəni dəmir yolu və liman zəncirin bir-birini tamamlayan halqaları rolunu oynayır. Ona görə də bu qurumlar birləşdirildi ki, onların idarə edilməsi rahatlaşsın və asanlaşsın. Burada idarəetmənin səmərəliliyinin artırılması və qənaət məsələsi var. Amma əsas məqsəd qərarların qəbul edilməsini operativləşdirmək və sürətləndirməkdir. Hökumət bununla istəyir ki, ölkənin tranzit əhəmiyyətini artırsın, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizini daha cəlbedici edə bilsin. Hökumətin əsas hədəfi indiki 6 milyon ton illik tranzit yükdaşımalarının həcmini 30 milyon tona çatdırmaqdır. Yəni hökumət ölkədən keçən tranzit yüklərin həcmini 5 dəfə artırmaq niyyətindədir. Bu, ölkənin həm strateji əhəmiyyətini artırır, həm qazanc artır, həm də bizim şirkətlər də münasib yükdaşıma xidmətlərindən faydalanaraq inkişaf edir. Bu iki qurumu birləsdirməklə sürətli, çevik və effektiv qərarlar qəbul etmək mexanizmi qurulacaq".
Dəniz NƏSİRLİ