Kamran Məmmədli: “Biz idxaldan asılıyıq, yerli məhsulumuz yoxdur, kərə yağı idxalı artır, istehsalı yox…”
2025-ci ilin yanvarında Azərbaycana 18 milyon 106 min dollar dəyərində 2 601.80 ton kərə yağı idxal olunub. Bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatında bildirilir. Qeyd edək ki, 2024-cü ilin eyni ayında isə Azərbaycana 5 milyon 442 min dollar dəyərində 1 022.47 ton kərə yağı idxal edilib. Beləliklə, ötən illə müqayisədə kərə yağı idxalı 3.3 dəfə artıb.
Bununla yanaşı kərə yağı istehsalı da artıb. Belə ki, ötən ilin yanvar-noyabr aylarında ölkədə 26 min 890,6 ton kərə yağı istehsal edilib. Bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2 min 240,7 ton, başqa sözlə 9,1% çoxdur.
Maraqlıdır, istehsal artıbsa, idxal niyə artır? İstehsal artırsa kərə yağının satış qiyməti niyə sürətlə artır?
“Bizim şirkətlər tonlarla yağı xaricdən alırlar, sonra 250 qramlıq, 1 kiloluq qablarda qablaşdırıb satışa çıxarırlar, guya….”
Iqtisadçı Kamran Məmmədli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, kərə yağının bahalaşmasının səbəbi bizim idxalçı ölkə olmağımızdır: “Demək olar ki, kərə yağı istehsal etmirik. Mağazalarda olan Azərbaycan markaları adı altında satılan kərə yağının da qablaşdırılması ölkədə baş verir. Bizim şirkətlər tonlarla yağı xaricdən alırlar, sonra 250 qramlıq, 1 kiloluq qablarda qablaşdırıb satışa çıxarırlar, guya yerli məhsul olur. Halbuki, onun içindəki yerli məhsul deyil. Biz idxaldan asılıyıq, yerli məhsulumuz yoxdur. Kərə yağı idxalı artır, istehsalı yox. Bu dəqiqdir. İstehsal dedikdə burada qablaşdırma da nəzərə alınır. Misal üçün, yağın xammalı gətirilir, burada qablaşdırırlar, öz paketlərinə yerləşdirirlər və öz istehsalları kimi təqdim edilir. Azərbaycanda heyvanların sayı olduqca az səviyyədədir. Belə olan halda daxili istehsaldan söhbət gedə bilməz. Ölkədə südlük istiqamətli heyvanlar tələbatı ödəyəcək sayda deyil. Onsuz da iqlim dəyişmələri, otlaq sahələrinin azalması və sairlə bağlı xərclər artıb. Yerli süd məhsullarımız da bahadır. İdxal qiymətləri yüksəldikcə bazarda həm idxal, həm də yerli kərə yağının qiyməti artır”.
Günel CƏLİLOVA