“Biz gələcəyə, növbəti dövrə ruh yüksəkliyi, məqsəd və planlarla keçirik. İşğaldan azad edilən ərazilərdə maliyyə-bank strukturlarının qurulması planları haqqında düşünürük. Ümid edirik ki, manatın bütövlükdə ölkə ərazisində işlənməsi təmin ediləcək. Əminik ki, Prezidentin rəhbərliyilə Azərbaycan bu qələbənin təsiri altında intibah dövrünü yaşayacaq. Azərbaycan beynəlxalq nüfuz və mövqeyini daha da gücləndirəcək”.
Bu sözləri Milli Məclisdə çıxışı zamanı Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib. Rüstəmov qeyd edib ki, növbəti ildə maliyyə sabitliyinin qorunması, maliyyə sektoruna dəstək, sığorta, qiymətli kağızlar bazarının dərinləşməsi, burada olan problemlərin həlli istiqamətində geniş strategiya hazırlanıb.
“...manatın istifadə coğrafiyasının genişlənməsinə səbəb olacaq”
Manatın bütün ölkə ərazisində istifadəsinin təmin edilməsinin əhəmiyyəti haqqında danışan millət vəkili Vüqar Bayramov qeyd etdi ki, Mərkəzi Bankın müəyyən etdiyi prioritetlərdən biri də manatın bütün Azərbaycan ərazisində istifadə olunmasıdır: “Uzun müddət idi ki, ərazilərimizin təxminən 20 faizi işğal altında idi. Təbii ki, praktiki olaraq, həmin ərazilərdə milli valyutamızdan istifadə olunmurdu. Sevindirici haldır ki, ərazi bütövlüyümüz bərpa edilib və bunun üçün manatın bütün Azərbaycan ərazisində istifadə imkanları genişləndirilir. Xüsusən vətəndaşlarımız azad edilən 7 rayonda yenidən məskunlaşdıqdan sonra milli valyutadan istifadə edəcəklər. Eləcə də manatın istifadə coğrafiyasının genişlənməsini də müşahidə edirik”.
Günel CƏLİLOVA