Hər ay baş verən müxtəlif iqtisadi və sosial tendensiyalardan təsirlənən sektorlardan biri də daşınmaz əmlak bazarıdır. Daşınmaz əmlak bazarında gedən proseslər mənzillərin, fərdi yaşayış evlərinin, torpaq sahələrinin qiymətinə təsirsiz ötüşmür.
Koronavirus pandemiyası bütün sahələrə, demək olar ki, təsirsiz ötüşməyib. Mənzil bazarında da 40 faizə yaxın aktivlik azalıb. Maraqlısı burasındadır ki, satış aşağı olduğu halda belə qiymətlər ucuzlaşmır. Bu il gözlənilən ucuzlaşma olmadı. İşğaldan azad edilən ərazilərimizə qayıdışla əlaqədar isə gələn ildən Bakı və digər ərazilərdə torpaq bazarında ucuzlaşma gözlənir.
COVID- 19 pandemiyası səbəbindən əmlak bazarında alıcılıq 40 faizə yaxın aşağı düşüb. Ancaq mənzillərin qiyməti isə 10 faiz artıb.
“Əmlak bazarında alıcılığın aşağı düşməsi ilə mənzillərin qiymətinin ucuzlaşması gözlənilsə də, bu dəfə əksinə oldu”
Məsələ ilə bağı fikir bildirən daşınmaz əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimli qeyd etdi ki, əmlak bazarında alıcılığın aşağı düşməsi ilə mənzillərin qiymətinin ucuzlaşması gözlənilsə də, bu dəfə əksinə oldu. Tələbin azalması ilə qiymətlərə təzyiq də başladı. Lakin COVID -19 pandemiyası ilə əlaqədar tikinti bazarında işlərin böyük hissəsi dayandı. Nəticədə isə təklifin azalması ilə qiymətlər də yenidən bahalaşdı. Eyni tendensiya 2021-ci ildə də gözlənir: “Təbii ki, böhranın bazara əsas təsiri gələn il hiss ediləcək. Bununla yanaşı, işğaldan azad olunmuş torpaqlara qayıdışla əlaqədar Bakının torpaq bazarında tələbatın azalması və qiymətlərin nisbətən ucuzlaşması gözlənir. Onu da qeyd edim ki, əmlak bazarında aktivliyin təmin edilməsi əsasən dövlət tərəfindən ayrılan ipoteka xətti ilə təmin olunur”.
Ekspertin sözlərinə görə, bütün proseslər daşınmaz əmlak bazarında aktivliyin aşağı olması, lakin qiymətin daha çox sabit qalması ilə müşahidə olunur. Bu, əslində, iqtisadi nəzəriyyədən kənar bir prosesdir. Çünki aktivlik aşağı olduğu halda qiymətlər də ucuzlaşmalıdır, lakin qiymətlər daha çox sabit qalıb.
Günel CƏLİLOVA