Milli Məclisin ötən iclasında “Azərbaycan Respublikasında 2021-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2021-ci il üçün ehtiyac meyarının həddi 170 manat məbləğində müəyyən edilib.
Məlumat üçün bildirək ki, 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində müəyyən edilmişdi.
“Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması və sosial qayğı ilə əhatə olunması üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir”
Ehtiyac meyarının artırılmasının əhəmiyyəti haqqında danışan iqtisadçı Kamran Məmmədli qeyd etdi ki, yaşayış minimumu və ehtiyac meyarının artırılması əhalinin sosial təminatı baxımından çox vacibdir. Qarşıya qoyulan məqsədlərdən biri də ehtiyac meyarının mərhələli şəkildə artırılmasıdır. Ehtiyac meyarının artırılması vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üçün zəruridir.
Həmsöhbətimiz onu da bildirdi ki, yaşayış minimumunun və ehtiyac meyarının artırılması qarşıdakı illərdə əmək standartının tətbiq olunmasına imkan verəcək: “Məlumat üçün onu da qeyd edim ki, son illər respublikamızda ehtiyac meyarının həddi davamlı olaraq artır. Azərbaycan minimum əməkhaqqı, yaşayış minimumu və ehtiyac meyarının məbləğinə görə MDB ölkələri arasında ən yaxşı göstəricilərdən birinə malikdir”.
İqtisadçının sözlərinə görə, insanların daha yaxşı yaşaması və onların illik gəlirlərinin artmasına dövlət dəstəyinin gücləndirilməsi hökumətin diqqət yetirdiyi əsas prioritetlərdən biridir. Respublikamızın maliyyə resurslarının və büdcə gəlirlərinin əsas xərc istiqamətləri vətəndaşların rifah halının yaxşılaşması, aztəminatlı ailələrin lazım olan sosial müdafiəsinin təmin edilməsi, sosial sahədə mövcud olan bütün problemlərin aradan qaldırılması tədbirlərinin gücləndirilməsinə yönəlib. Sosial sistemin təkmilləşdirilməsi məqsədilə islahatlar ilbəil sürətlənir və bundan sonrakı illərdə daha da intensiv xarakter alacaq. Atılan addımlar və sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması və sosial qayğı ilə əhatə olunması üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir.
Günel CƏLİLOVA