Dekabrın 2-də Azərbaycan Banklar Assosiasiyası İkinci Qarabağ müharibəsində şəhid olan vətəndaşların istehlak kreditlərinin, onlara hesablanmış faizlərin və digər ödəmələrin tam həcmdə silinməsilə bağlı, o cümlədən, hərbi əməliyyatlar zamanı yaralanmış hərbçilərin kredit öhdəliklərinə faizlərin və digər ödəmələrin hesablanmasının 27 sentyabr 2020-ci il tarixindən tam dayandırılması haqqında qərar qəbul edib. Qərara əsasən, 830 şəhidin kredit borcu silinib.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası banklar tərəfindən Müdafiə Nazirliyinin rəsmi siyahısında yer almış şəhidlərdən banklar qarşısında kredit öhdəliyi olan 830 şəhidə aid 1 503 kredit üzrə həm əsas borcun, həm də faizlərin silinməsini təmin ediblər.
Vətən yolunda canını fəda edən şəhidlərin kredit borcunun silinməsi düzgün qərardır. Qeyd edək ki, bəzi ölkələrdə banklar vətən yolunda şəhid olmuş şəxslərin kredit borcunu silməklə yanaşı, şəhid ailəsinə müəyyən dəstək göstərir. Maraqlıdır, bizdə banklar şəhid ailəsinə nə kimi dəstək göstərə bilər? Danılmaz faktdır ki, kimliyindən asılı olmayaraq, hər kəs şəhid ailələrinə dəstək olmağa çalışır. Banklar həmin ailələrə necə dəstək göstərəcək?
“Banklar şəhid və qazi ailələrinə kredit silinməsindən əlavə, başqa yardımlar edərsə, əhalinin bank sektoruna münasibəti dəyişər”
Sosioloq Aytəkin Kamranqızı bildirdi ki, banklar şəhid ailəsini daim diqqətdə saxlamalıdır: “Hər bir bankın özünün siyahısı var. Vətən yolunda şəhid olmuş şəxs hansısa bankdan kredit götürübsə, onun adı banka bəllidir. Yaxşı olar ki, hər bir bank bayramlarda şəhidlərin ailələrini müxtəlif formada sevindirsin. Həmçinin, şəhid ailəsi gələcəkdə kredit üçün banka müraciət edərsə, ona faizsiz kredit versin. Unutmaq lazım deyil ki, biz həmin qazi və şəhidlərin hesabına ərazi bütövlüyümüzü bərpa etmişik. Onu da vurğulamaq lazımdır ki, şəhid olanlar arasında bank işçiləri də var. Yaxşı olar ki, bank vaxtilə işçisi olmuş, vətən yolunda şəhid olmuş şəxsin ailəsini himayəsinə götürsün. Banklar şəhid və qazi ailələrinə kredit silinməsindən əlavə, başqa yardımlar edərsə, əhalinin bank sektoruna münasibəti dəyişər”.
Günel CƏLİLOVA