Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Standartlaşdırma üzrə dövlət fondunun təşkili, saxlanması, aktuallaşdırılması və mühafizəsi Qaydaları” əsasında sahibkarlıq subyektlərinin normativ texniki sənədlərə əlçatanlığının təmin edilməsi məqsədilə Standartlaşdırma üzrə Dövlət Fondu yaradılıb.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin yaydığı məlumatda qeyd olunur ki, standartlaşdırma üzrə Dövlət Fondu müvafiq dövlət orqanları, beynəlxalq, regional, habelə xarici və yerli təşkilatlarla qarşılıqlı əlaqə şəraitində qurulan, standartlaşdırma sahəsində sənədlərin məcmusundan ibarət olan və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən idarə olunan informasiya resursudur. Fondda dövlət standartları, texniki şərtlər, beynəlxalq (regional) və dövlətlərarası standartlar, müqavilələr, habelə onların tətbiqi qaydaları haqqında rəsmi məlumat və sənədlər əksini tapır.
Fondun resursları istehsalla məşğul olan yerli sahibkarlıq subyektlərinə elmin, texnikanın və texnologiyanın müasir nailiyyətlərinə əsaslanan istehsalın təşviqinə, bununla da ölkəmizdə istehsal olunan istehlak mallarının rəqabətə davamlılığının yüksəlməsinə əlavə imkan yaradacaq. Eyni zamanda, ixracla məşğul olan sahibkarlıq subyektləri də idxalçı ölkələrin tələbləri ilə tanış ola biləcəklər. Bu da, öz növbəsində, ölkənin ixrac imkanlarının artırılmasına, sahibkarların beynəlxalq ticarətdə qarşılaşdıqları əsassız maneələrin aradan qaldırılmasına töhfə verəcək.
“Fondun əsas məqsədi Azərbaycanın ixracatçılarına beynəlxalq standartlara cavab verə biləcək məhsulların istehsal olunması, qablaşdırılması və...”
Standartlaşdırma üzrə Dövlət Fondu yaradılmasının sahibkarlara dəstəyi haqqında danışan iqtisadçı-ekspert Natiq Cəfərli qeyd etdi ki, Fondun əsas məqsədi Azərbaycanın ixracatçılarına beynəlxalq standartlara cavab verə biləcək məhsulların istehsal olunması, qablaşdırılması və sertifikatın alınmasıdır: “Əsas məqsəd ixracın istiqamətinin müsbətə doğru dəyişməklə bağlı işlərin görülməsidir. Bu sahədə sahibkarlarla təlimlər keçiriləcək, onlara müəyyən məlumatlar veriləcək. Ən əsası sertifikatların alınması ilə bağlı sahibkarlara dəstək olmaqdır. Məlumdur ki, sertifikatlaşma olduqca çətin prosesdir. Xüsusən də Avropa bazarına çıxmaq üçün sertifikatların alınması ilə bağlı sahibkarlara müəyyən köməklik ediləcək. Fondun yaradılması sahibkarlıqla məşğul olanlara dəstək olacaq”.
Günel CƏLİLOVA