23/09/2020 06:50
728 x 90

Azərbaycanın idxal-ixrac əməliyyatlarında 1,9 milyard dollar müsbət saldo – Pandemiya dövründə çox az ölkələrin göstərə bildiyi nəticə...

Rəsul Cahangirli: “İqtisadiyyata dəstək proqramları hazırlanıb, sahibkarlara bu və ya digər formada maliyyə yardımı göstərilib”

img

Pandemiya ilə əlaqədar bir sıra dünya ölkələrinin idxal-ixrac əməliyyatlarında mənfi ticarәt saldosu müşahidə edilir. İqtisadi əlaqələrin zəifləməsi avtomatik olaraq idxal-ixrac əməliyyatlarına da mənfi təsir edib.

Ancaq həmn ölkələrdən fərqli olaraq, Azərbaycanda müsbət saldo qeydə alınıb. Belə ki, Azərbaycanın 2020-ci ilin yanvar-iyul aylarında xarici ticarәt dövriyyәsi 13 milyard 777,6 milyon dollar, o cümlәdәn, ixracın dәyәri 7 milyard 876,8 milyon dollar, idxalın dәyәri 5 milyard 900,8 milyon dollar tәşkil edib. Azərbaycanın idxal-ixrac əməliyyatları nəticəsində 1 milyard 976 milyon dollarlıq müsbәt ticarәt saldosu yaranıb. 2020-ci ilin yanvar-iyul aylarında Azәrbaycan Respublikasının hüquqi vә fiziki şәxslәri dünyanın 172 ölkәsindәki tәrәfdaşları ilә ticarәt әmәliyyatları hәyata keçiriblər.

Dövlət Gömrük Komitəsindən əldə edilən məlumata əsasən, 102 ölkәyә mәhsul ixrac olunub, 160 ölkәdәn idxal edilib. Xarici ticarәt dövriyyәsinin 87,6 faizi İtaliya, Türkiyә, Rusiya, Çin, Ukrayna, ABŞ, Hindistan, Almaniya, İsrail, Xorvatiya, Yunanıstan, Gürcüstan, İspaniya, Çexiya, Birlәşmiş Krallıq, İran, Tunis, Vyetnam, İsveçrә, Fransa ilә aparılmış ticarәt әmәliyyatlarının payına düşüb.

Bütün bu deyilənlərlə yanaşı, pandemiya dövründə Azərbaycanın idxal-ixrac əməliyyatlarında müsbәt ticarәt saldosunun yaranmasının əhəmiyyətini ekspertlər necə dəyərləndirirlər?

Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirli ölkəmizin idxal-ixrac əməliyyatlarında müsbәt ticarәt saldosu əldə etməsini bir sıra faktorlarla əlaqələndirdi: “Məlum olduğu kimi, bütün dünyada COVID-19 pandemiyası iqtisadiyyata təsirsiz ötüşməyib. Belə ki, koronavirusun təsiri ticarət dövriyyəsində azalmalara səbəb olub. Azərbaycanın da ticarət dövriyyəsi ötən illə müqayisədə azalıb. Ancaq buna baxmayaraq, hökumətin yeni vəziyyətə çevik reaksiyası nəticəsində virusun ölkəmizə vura biləcəyi zərərlər minimuma endirilib. Məsələ ondadır ki, bir sıra qabaqlayıcı tədbirlər görülüb. Mart ayından başlayaraq iqtisadiyyata dəstək proqramları hazırlanıb. Sahibkarlara bu və ya digər formada maliyyə dəstəyi göstərilib. Bütün bunların nəticəsidir ki, Azərbaycanın idxal-ixrac əməliyyatlarında müsbәt ticarәt saldosu yaranıb. Sözügedən addımlar sayəsində Azərbaycan pandemiya ilə mübarizədə daha az zərərlə üzləşən ölkə kimi qəbul edilir. Digər tərəfdən, koronavirusla əlaqədar ölkəmizin bütün sərhədlərində sərnişinlərin və yüngül minik nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət qoyulsa da, idxal-ixrac əməliyyatları və tranzit yükdaşımaları maneəsiz həyata keçirilir. Pandemiyaya qarşı mübarizədə gömrük əməkdaşları gücləndirilmiş rejimdə fəaliyyətlərini davam etdirirlər. Həmçinin, qeyri-neft məhsullarının ixracı üçün yeni və mövcud ixrac bazarlarına çıxış imkanlarının tədqiqi, “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə xarici bazar araşdırmaları ilə bağlı görülən işlər buna öz müsbət töhfəsini verir. Bütün bunlar onu göstərir ki, pandemiya iqtisadi fəallığa böyük miqyasda mənfi təsir edə bilməyib”.

Ekspertin fikrincə, proqnozlar göstərir ki, postpandemiya dövründə Azərbaycanın idxal-ixrac əməliyyatlarında müsbәt ticarәt saldosu daha böyük olacaq.

Vidadi ORDAHALLI

Son xəbərlər