20/09/2020 17:44
728 x 90

Pandemiya dövründə bank depozitlərinin azalma sürətinə görə də Azərbaycan hamını üstələdi – 30 faiz hara, 8,9 faiz hara...

Əli Əlirzayev: “Bunun bir səbəbi pandemiyanın ölkə iqtisadiyyatına elə də güclü təsir etməməsidir”

img

Pandemiya ilə əlaqədar bir sıra ölkələrdə banklarda depozitlərin həcmi kəskin şəkildə azalmaqdadır (20-30 faiz). Məsələ ondadır ki, yaranan iqtisadi çətinliklərlə əlaqədar hüquqi və fiziki şəxslər depozitlərini banklardan çəkirlər.

Həmin ölkələrdə müqayisədə Azərbaycanda vəziyyət yaxşıdır. Düzdür, Azərbaycanda da banklarda analoji proses gedir, amma bizdə depozitlərin azalması heç 10 faiz deyil. Belə ki, 2020-ci il iyulun sonuna olan vəziyyətə əsasən, Azərbaycan banklarında depozitlərin həcmi 22 mlrd. 532 mln. manat təşkil edib. İlin əvvəlindən göstərici 2 mlrd. 214 mln. manat və yaxud da 8,9 faiz azalıb. Bununla yanaşı, manatla pul kütləsinin strukturunda nağd pul kütləsi, fiziki şəxslərin əmanətləri və hüquqi şəxslərin depozitləri fərqli dinamika nümayiş etdirib. Bu ilin altı ayı ərzində nağd pul kütləsi 10.2 faiz artıb. Hüquqi şəxslərin manatla depozitləri 8 faiz azalsa da, fiziki şəxslərdə əksinə olub. Onların manatla əmanətləri 20,9 faiz çoxalıb. Bununla yanaşı, birinci yarımillikdə manatla tələb olunanadək əmanət və depozitlər 4.4 faiz, müddətli əmanət və depozitlər isə 9.1 faiz artıb.

Bir sıra ölkələrlə müqayisədə Azərbaycan banklarında depozitlərin elə də böyük həcmdə azalmamasını ekspertlər nə ilə əlaqələndirirlər?

  • “Depozit qoyanların müəyyən hissəsi hesab edir ki, bəlli bir müddətdən sonra pandemiya başa çatacaq və onlar...”

Məsələyə münasibət bildirən iqtisadçı-alim Əli Əlirzayev bunu bir sıra faktorlarla əlaqələndirdi: “Bunun bir səbəbi pandemiyanın ölkə iqtisadiyyatına elə də güclü təsir etməməsidir. Nəzərə almaq lazımdır ki, elə ölkələr var, orada pandemiyanın təsirləri daha böyük miqyasda özünü göstərir. Digər əsas səbəblərdən biri də depozitlərin hansı motivlə banka qoyulması ilə bağlıdır. Depozit qoyanların müəyyən hissəsi hesab edir ki, bəlli bir müddətdən sonra pandemiya başa çatacaq və onlar öz məqsədlərinə çatacaqlar. Bu səbəbdən depozitləri banklarda saxlayaraq gözləmə mövqeyi tuturlar. Başqa bir tərəfdən, bu, müştərinin xərc strukturundan asılıdır. İqtisadi fəallığın azalması, xarici turist səfərlərinin olmaması da depozitlərin banklardan çıxarılma vəziyyətinə öz təsirini göstərir. Bəziləri fikirləşirlər ki, iqtisadi vəziyyət daha da pisləşə bilər. Bu səbəbdən depozitləri çətin günlərə saxlayırlar. Yəni deməyim odur ki, bu məsələdə motiv çoxdur. Azərbaycan əhalisinin yerli xüsusiyyətlərdən irəli gələrək məsələyə yanaşması var. Yəni baş verənlərə daha ehtiyatlı yanaşırlar. Bütün hallarda, görünən odur ki, bizdə pandemiyanın törətdiyi fəsadlar digər ölkələrə baxanda elə də böyük deyil”.

İqtisadçı-alim hesab edir ki, postpandemiya dövründə əhalinin banklarda depozitləri artmağa doğru gedəcək.

Vidadi ORDAHALLI

Son xəbərlər