Açıqlanan statistik rəqəmlərə əsasən, 2020-ci ilin yanvar-fevral aylarında Türkiyədən Azərbaycana sement idxalı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 18,08 faiz artaraq 5,66 milyon dollar təşkil edib. Türkiyə Ticarət Nazirliyinin yaydığı məlumatda qeyd olunur ki, fevral ayında Türkiyə Azərbaycana 2,668 milyon dollar məbləğində sement ixrac edib ki, bu da ötən ilin fevralı ilə müqayisədə 17,3 faiz çoxdur.
Qeyd edək ki, 2020-ci ilin yanvar-fevral aylarında Türkiyənin dünya bazarlarına sement ixracı 2019-cu ilin ilk iki ayı ilə müqayisədə 15,3 faiz artaraq 597,804 milyon dollara bərabər olub.
Maraqlıdır, Azərbaycanın özü sement istehsal etdiyi halda, niyə hələ də ölkəmizə adıçəkilən məhsul idxal olunur?
Məlumat üçün bildirək ki, Azərbaycanda sement istehsalı ilə Qaradağ sement zavodu (hazırda “Holcim Azərbaycan”) və “Norm” sement zavodu məşğuldur. Ancaq son zamanlar bu sahədə vəziyyət heç də ürəkaçan deyil. Belə ki, ölkəmizdə istehsal olunan sementin həcmi ötən illərlə müqayisədə azalıb. Qeyd etdiyimiz kimi, özümüzün sementimiz olduğu halda, qonşu ölkədən ixdal etmək nə dərəcədə düzgündür?
“Manatın məzənnəsinin sabit qalması, qonşu ölkələrin valyutalarının isə dəyərdən düşməsi idxalı stimullaşdırır”
Məsələ ilə bağlı fikir bildirən iqtisadçı-ekspert Natiq Cəfərli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, son zamanlar türk lirəsi tədricən ucuzlaşır: “Türkiyə lirəsinin dəyərdən düşməsi həmin ölkədən idxalı ucuzlaşdırır. Nəzərə almaq lazımdır ki, son bir il ərzində Türkiyə lirəsində enmə müşahidə olunur. Ancaq milli valyutanın məzənnəsi sabit olaraq qalır. Bu səbəbdən də lirə ilə sement almaq daha sərfəli olur. Qonşu ölkələrdə milli valyutaların dəyərdən düşməsi prosesi sürətlə gedir. Bu hal da idxalı stimullaşdırır. Hesab edirəm ki, manatın məzənnəsinin sabit qalması, qonşu ölkələrin valyutalarının isə dəyərdən düşməsi idxalı stimullaşdırır”.
Günel CƏLİLOVA