17/09/2019 01:08
728 x 90

Polşa prezidenti “Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik” kimi bəyanat niyə vermədi...

Fikrət Sadıqov: “Polşa prezidentinin bu cür yanaşması təəssüf doğurur”

img

“Görünür, o bu məsələdə Ermənistanın xoşuna gəlməyəcək addım atmaq istəmədi”

Məlum olduğu kimi, Polşa prezidenti Andjey Duda Azərbaycanda rəsmi səfərdə olub. Səfər çərçivəsində Polşa prezidenti Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirib. Tərəflər arasında bir sıra sənədlər imzalanıb. Bununla yanaşı, Duda Bakıda sənədlərin imzalanması mərasimindən sonra Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatla çıxış edib. Diqqətçəkən məqam odur ki, Polşa prezidenti ümumən çıxışlarında, bəyanatlarında Qarabağ münaqişəsinin həllində “Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik” kimi konkret bir fikir demədi. Həmçinin, bununla bağlı konkret bəyanat vermədi. Qarabağla bağlı yalnız ümumi fikirlər səsləndirdi və bildirdi ki, Azərbaycan bu münaqişənin həllində hər zaman Polşanın dəstəyinə arxalana bilər və s. Ancaq bizim üçün çox vacib olan “Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik” fikrini işlətmədi. Halbuki, Polşa “Şərq Tərəfdaşlığı” proqramının yaranmağında aktiv iştirak edən ölkələrdən biridir. “Şərq Tərəfdaşlığı” da hər zaman Azərbaycanın ərazi bütövlüyünə dəstək verib, amma nədənsə, Polşa prezidentinin dilindən bu söz çıxmadı. Maraqlıdır, Polşa prezidenti konkret olaraq “Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik” fikrini niyə səsləndirmədi? O baxımdan sözügedən məsələyə necə şərh vermək olar?

Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun sözlərinə görə, Polşa prezidentinin ərazi bütövlüyü ilə bağlı konkret fikir səsləndirməməsi təəssüf doğurur: “Çox təəssüflər olsun ki, Azərbaycana səfər edən Avropa dövlətlərinin başçıları Dağlıq Qarabağ məsələsində ümumi ifadələrlə kifayətlənirlər. Ərazi bütövlüyü ilə bağlı konkret mövqe sərgiləmirlər. Polşa prezidenti də bu mövqedən çıxış edərək Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini açıq bəyan etmədi. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı ümumi diplomatik fikirlər səsləndirdi. Onun bu yanaşması təəssüf doğurur. Təbii ki, bu cür yanaşma bizi qane edə bilməz. Sözügedən məsələdə konkret mövqe olmalıdır. Belə olarsa, o zaman bu, ədalətli yanaşma olar və beynəlxalq hüquq normaları ilə uzlaşacaq. O da məlumdur ki, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Eyni zamanda, bir sıra Avropa təsisatları bizim xeyrimizə qətnamələr qəbul edib. Polşa da Avropa İttifaqının üzvüdür. Bu o deməkdir ki, Aİ belə bir qərar qərar qəbul edibsə, o zaman Polşa rəsmiləri ərazi bütövlüyü ilə bağlı konkret mövqe bildirməkdən çəkinməməlidir. Ancaq təəssüflər olsun ki, biz bunu Andjey Dudanın timsalında görmədik. Bu da, əlbəttə ki, yaxşı hal deyil. Bütövlükdə biz istərdik ki, Qərbin aparıçı dövlətlərinin başçılarının dilindən daha konkret ifadələri eşidək. Nəinki mövqe, hətta ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı tədbirlər görsünlər. Görünür, Polşa prezidenti bu məsələdə Ermənistanın xoşuna gəlməyəcək addım atmaq istəmədi. O səbəbdən ümumi ifadələrlə kifayətləndi. Ancaq bu, ədalətli yanaşma deyil”.

Vidadi ORDAHALLI

Son xəbərlər