17/08/2019 15:33
728 x 90

Homoseksualların Bakıda səfirlik qarşısında öz bayraqlarını qaldırmasına bəzi hüquq müdafiəçilərindən rusvayçı dəstək...

Taleh Xasməmmədov: “Deyilən xətlə bağlı külli miqdarda qrant alma imkanları çoxaldığı üçün bəzi fəalların aktivliyi nəzərə çarpır”

img

Ötən həftəsonu Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin binası önündə LGBT icmasının bayrağı asılması ciddi rezonansa səbəb olub.

Qeyd edək ki, bununla bağlı fotolar səfirliyin sosial şəbəkə hesabında paylaşılıb. Bunun 17 may - Homofobiya və Transfobiyaya qarşı mübarizə günü ilə əlaqədar olduğu bildirilib. Xatırladaq ki, LGBT (Lezbiyan, Gey, Biseksual və Transgender) cinsi azlıqların hüquqlarını müdafiə edən icmadır. Ötən ilin bu günü də Britaniya səfirliyi qarşısında analoji hadisə baş vermişdi. Maraqlıdır ki, özlərini Qərb dəyərlərini təbliğ edən insanlar kimi təqdim edən bəzi yerli fəallar da həmin gün LGBT-yə açıq dəstək verib. Həmin şəxslər hətta sosial şəbəkələrdəki örtük şəkillərini də LGBT bayrağı ilə əvəz ediblər. Onların sırasında jurnalist və hüquq müdafiəçisi kimi tanınan Xədicə İsmayıl, Sevinc Vaqifqızı da olub. Maraqlıdır ki, LGBT-nin bayrağı ilə bağlı yayılan fotoları bəyənənlərin sırasında milli-demokrat mövqeyindən çıxış edən müxalif partiyaların fəallarına da rast gəlinib. Buna açıq etiraz edənlərdən biri də hüquqşunas, hüquq müdafiəçisi Taleh Xasməmmədov olub.

O, “Bakı-Xəbər”ə bildirdi ki, buna etiraz etdiyi üçün məlum dairənin tərəfdarları tərəfindən ciddi basqıya məruz qalıb:”Üstümə “Feysbuk”da bir çox adamlar “gəldi”. Təəssüf etdim ki, onların sırasında liberal dəyərlərin təbliğatçısı olduğu deyilən ReAl Partiyasının nümayəndələri, mənzil qərargahları xaricdə olan KİV-in nümayəndələri və Avropa ilə sıx təmasda olan hüquq müdafiəçiləri daha çoxluq təşkil edirdi. Əsas iradları da bundan ibarət idi: “sən necə hüquq müdafiəçisən ki, buna qarşı çıxırsan?” . Sonra Konstitusiyamızın 25-ci maddəsini əsas gətirirdilər. Orda yazılır ki, dini, irqi, cinsi ayrıseçkilik olmaz. Onlar bilmirlər ki, ordakı cinsi sözü bunların nəzərdə tutduğu deyil. Amma bir hüquqşunas kimi deyə bilərəm ki, Azərbaycanda həmin qəbildən olan insanları heç kim təqdib etmir. Onlar da digər vətəndaşlarımız kimi bütün hüquqlarından istifadə edirlər. Yalnız həmin qurumu Azərbayanda qeydiyyata almırlar. Bunu da tam doğru olan addım kimi qəbul edirəm. Bunun təbliğatının aktivləşməsinin bir səbəbi də Avropanın məsələyə böyük önəm verməsi ilə bağlıdır. Hesab edirəm ki, məhz buna görə də deyilən xətlə bağlı külli miqdarda qrant alma imkanları çoxaldığı üçün bəzi fəalların aktivliyi nəzərə çarpır. Keçən il Daxili İşlər Nazirliyi əməliyyat keçirib LGBT nümayəndələrindən 200-ə yaxın şəxsi saxlamışdı. Həmin vaxt Xədicə İsmayıl və dəstəsi aktivləşdi. Onlar haqda məlumatlar paylaşmağa başladılar. Sonradan məlum oldu ki, polis onların infeksion xəstəliklərin daşıyıcısı olub-olmadığını aydınlaşdırmaq üçün belə tədbir keçirib. Siyasi təqib olması ilə bağlı yaradılan ajiotaj özünü doğrultmadı. Bizim özümüzün milli dəyərlərimiz var. Bu cür qurumların təbliğatı həmin dəyərlərə ziddir. Hətta deyərdim ki, belə cəhdlər ciddi narazılıqlar, qarşıdurmalar yarada bilər”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər