“Bu həm Azərbaycan, həm də Türkiyənin təhlükəsizliyi üçün əhəmiyyəti olan məsələdir”
Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun dəvətilə Türkiyənin Jandarm Qüvvələrinin Baş Komandanı, ordu generalı Arif Çetinin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib.
Nazir Türkiyə Jandarm Quvvələri Baş Komandanının ölkəmizə səfərinin əlaqələrimizin inkişafına və daha da dərinləşməsinə müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib.
Ordu generalı Arif Çetin Azərbaycana səfərindən, Bakının dünyanın ən gözəl paytaxtlarından, ən təhlükəsiz şəhərlərindən biri olmasından, ölkəmizin dinamik, sürətli inkişafından, eyni zamanda, Daxili Qoşunların yüksək peşəkarlığa və döyüş qabiliyyətinə malik mobil bir quruma çevrilməsindən məmnun olduğunu bildirib.
Avqustun 16-dək davam edəcək səfər zamanı qardaş ölkənin nümayəndə heyəti Daxili Qoşunların Ali Hərbi Məktəbində təlim-tədrisin təşkili, kursantlar üçün yaradılmış hərtərəfli şərait, o cümlədən Bakı şəhərində yerləşən “N” saylı hərbi hissə ilə tanış olacaq, sonra Qoşunların Təlim Mərkəzində xüsusi-taktiki təlimi izləyəcək, həmçinin, Heydər Əliyev Mərkəzini və paytaxtımızdakı digər tarixi, mədəniyyət abidələrini ziyarət edəcək.
Bütövlükdə Azərbaycan DİN-i və Türkiyə jandarmeriya qüvvələri arasında əməkdaşlığın hansı əhəmiyyəti var?
Məsələyə münasibət bildirən İctimai Problemlərin Tədqiqi Assosiasiyasının rəhbəri Məhərrəm Zülfüqarlının sözlərinə görə, iki qurum arasında əməkdaşlığın bir sıra əhəmiyyəti var: “Hesab edirəm ki, bununla bağlı əməkdaşlıq faydalı olacaq. İki qardaş ölkənin güc nazirliklərinin əməkdaşlıq etməsi vacibdir. Çünki bu həm Azərbaycan, həm də Türkiyənin təhlükəsizliyi üçün əhəmiyyəti olan məsələdir. Ona görə də hesab edirəm ki, bu cür görüşlər tez-tez keçirilsə yaxşıdır. Fikrimcə, iki ölkənin sözügedən qurumlarının birgə əməkdaşlığı, təcrübə mübadiləsi aparmaları cinayətkarlıqla mübarizədə effektli nəticələr verə bilər. Nəzərə almaq lazımdır ki, Türkiyə jardarma qüvvələri terrorizmlə mübarizədə böyük təcrübəyə malikdir. Bir məqamı da nəzərə almaq lazımdır ki, dünya qloballaşdıqca terrorizm, beynəlxalq transmilli cinayətkarlıqla bağlı təhdidlər artır. O üzdən, bu sahədə birgə əməkdaşlıq və təcrübə mübadiləsi mühüm əhəmiyyətə malikdir. Hesab edirəm ki, bu sahədə əməkdaşlıq hər iki dövlətin manafeyinə uyğundur”.
Vidadi ORDAHALLI