ATƏT-dəki qeyri-rəsmi “Gürcüstanın dostları” qrupu avqustun 7-də Rusiyanın Gürcüstana hərbi müdaxiləsinin 10 illiyilə bağlı birgə bəyanat yayıb.
Baki-xeber.com-un xəbərinə görə, sənəddə müəlliflər Rusiyanı “Gürcüstanın ayrılmaz regionları olan Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınmasından” imtinaya dəvət edir. ABŞ, Britaniya, Kanada, Latviya, Litva, Estoniya, Çexiya, Polşa, Rumıniya, İsveçrə və Ukraynanın imzaladığı sənəddə eyni zamanda Moskva “işğal etdiyi ərazilərdən qoşunlarını dərhal çıxarmağa” çağırılır.
“Rus qoşunlarının Gürcüstana hərbi müdaxiləsindən 10 il keçməsinə baxmayaraq, Gürcüstan ərazilərinin işğalının hələ də davam etməsi bizi məyus edir. Biz münaqişənin BMT qətnamələrinə, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun sülh yolu ilə həllinin önəmini xüsusilə vurğulayırıq”- deyə bəyanatda qeyd olunur.
Bundan əlavə, sənəd müəllifləri ATƏT-n Gürcüstanda xüsusi missiyasının təsis olunması və ona “işğal xətti boyu” monitorinq aparması üçün şərait yaradılması təklifilə də çıxış edib.