Dövlətimizin mediaya maliyyə dəstəyindən məlum səbəblərdən qıcıqlanan bəzi şəxslər və qruplar son günlər yenidən fəallaşıblar. Dövlətin maliyyə yardımının guya müsbət nəticələr vermədiyi, hətta ziyanlı rol oynadığı barədə yanlış fikir yaratmaq istəyirlər.Aydındır ki, Prezidentin mətbuata maliyyə yardımının illərdən bəri özünü büruzə verən müsbət nəticələrini bütün cəmiyyətimiz görür. Bu şəraitdə həmin dairələrin çox bəsit mülahizələrlə əsaslandırmaq istədikləri məsələ cəmiyyətin hətta azacıq bir hissəsinin də fikrini dəyişə bilməz. Bunu həmin dairələr özləri də yaxşı bilir. Ancaq nəticəsiz yolla yürüməkdə davam edirlər və əslində bu gün dövlətçiliyimizi mətbuatin dəstəyi kimi bir güc mənbəyindən məhrum etmək məqsədini həyata keçirmək istəyirlər. Bu cəhdin də hədəfə çatmaq şansları, demək olar ki, yoxdur. Çünki mətbuat çevrəsi və cəmiyyətimiz belə təbliğat aparan şəxsləri yaxşı tanıyır.
Bunlar o adamlardı ki, bu gün xaricdəki qeyri-milli mərkəzlərin maliyyələşdirdiyi internet televiziyalarda antitəbliğat aparırlar. Onlar üçün qeyri-milli mənbələrdən maliyyələşən tribunalarda işləmək olar, ancaq bizlərə Azərbaycan dövlətinin maliyyəsi ilə fəaliyyət göstərmək olmaz?! Bunlar o şəxslərdir ki, vaxtilə özləri də Azərbaycan dövlətinin leqal maliyyəsi hesabına qəzet buraxıblar, illər boyu bu mənbədən bəhrələniblər, ancaq qanunla təqib olunan bəzi əməllərə görə qəzetlərinin çapı dayanandan sonra mətbuata dövlətin maliyyə dəstəyini pisləməyə başlayıblar. Məntiq yoxdur və onlar o halda səmimi görünərdilər ki, dövlətin maliyyə yardımından başlanğıcdan imtina edərdilər. Bunlar o şəxslərdi ki, bir vaxtlar xaricdən alınan maliyyə ilə cəmi bir-iki il qəzet çıxara biliblər. Xaricdən qrant adı ilə gələn maliyyə əsasında qəzet çıxarmaq yaxşıdı, öz dövlətimizin qanuni maliyyəsi ilə qəzet buraxmaq pis?! Bu gun mətbuata dövlətin dəstəyi həm də ölkədə sabitliyə və dayanıqlı inkişafa qoyulan investisiyadir. Belədə mediaya dövlət dəstəyini qaralamaq və gözdən salmaq cəhdləri sonda sabitliyi və inkişafı hədəfə almaq niyyətidir. Yüzlərlə jurnalistin rifahının məhz dövlət maliyyəsi əsasında yaxşılaşması o adamların urəyincə deyil. Onlar milli mətbuatımızın qanuni maliyyə mənbələrini hədəfə almaqla Azərbaycanı sevməyən dairələrin yanında yer alırlar. Bu gün Azərbaycan mediası bu cür qərəzli və qisasçı şəxslərin qəbul edilməyən mülahizələri əsasında yox, dövlətimizin mətbuata dəstək konsepsiyasi əsasinda inkisaf edir. Proses bir neçə incik, küskün və qisasçı şəxsin uzaqdan tulladığı daşlarla dayandırılacaq qədər kövrək deyil...
Mətbuata dövlətin maliyyə dəstəyi tam uğurla inkişaf edir və mediada dövlətçilik prinsipinin formalaşmasında əvəzsiz rol oynayan bir modeldir.