Sumqayıt şəhərində radikal müxalifətin və dini qrupların 18 əsas fəal üzvü saxlanıb.
Baki-xeber.com-a hüquq-mühafizə orqanlarından verilən məlumata görə, iyulun 15-də Sumqayıt şəhərində qətiyyət və peşəkarlıqla keçirilən əməliyyat nəticəsində radikal dini qrupların və onlara dəstək verən radikal müxalifət tərəfdarlarının 18 əsas fəalı saxlanıb.
Məlumata görə, əsasən xaricdən idarə olunan fəallar Gəncədə baş vermiş hadisələri Sumqayıt şəhərində təkrarlamaq, iğtişaş və qarşıdurma yaratmaq yolu ilə şəhərdə ictimai-siyasi sabitliyi pozmağı planlayırmış. Onların fəaliyyəti barədə hüquq-mühafizə orqanlarına daxil olan məlumatlar əsaslı şəkildə təhlil edilib, müvafiq tədbirlər vasitəsilə radikalların əlaqələri təsbit olunub və planları tam aşkara çıxarılıb, məhz bundan sonra saxlama tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilib. Xəbərdə hazırda əməliyyatın davam etdiyi bildirilir.
Xatırladaq ki, hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə Azərbaycan Prezidenti İlham Əliyev bu hadisələrlə əlaqəsi olan hər bir kəsin məsuliyyətə cəlb olunacağı və ədalət məhkəməsi qarşısında cavab verəcəyi barədə xəbərdarlıq etmişdi.