Prezidentin güc orqanları ilə məhdud tərkibdə xüsusi müşavirə keçirməsi son illər dövlət idarəciliyində rast gəlinən yeni formatdır, özünü dogruldur və praktik yönəldici təsirə malikdir.
Bu fikirləri baki-xeber.com-a eyniadlı qəzetin və saytın baş redaktoru Aydın Quliyev deyib. A.Quliyev bildirib ki , Prezidentin yanında bu xarakterli müşavirələr dövlətçilik üçün ağır təhlükələrin həm qarşısının alınmasında, həm də baş vermiş terror və təxribat cinayətlərinin təsirlərinin lokallaşdırılaraq yerindəcə boğulmasında ali siyasi rəhbərliklə xüsusi orqanlarin fəaliyyətinin düzgün koordinasiya edildiyini göstərir. Müsavirədə Prezidentin etdiyi çıxışda Gəncədə törədilmiş cinayətin əsl məqsədləri, güc orqanlarının fəaliyyəti, cinayətin planlaşdırılmasında iştirak etmiş daxili və xarici qüvvələr, dövlətçilik əleyhinə cinayətə din faktorunun cəlb edilməsi, cəmiyyətimizin dövlətçilik müstəvisində siyasi yetkinliyi, cinayət prosesinə bəzi media qurumlarının cəlb edilməsi, dövlətimizin müstəsna güc mənbəyi olan ictimai həmrəylik kompleks şəkildə öz ifadəsini tapib. Prezidentin "belə planlar heç vaxt hədəfinə çatmayacaq” bəyanatı konkret ünvanlı xarakter daşımaqla cəmiyyəti toparlamaq və ruhlandırmaq baxımından böyük təsirə malikdir. "Belə cinayətlərin din pərdəsi altında törədilməsi həm də dinimizə qarşı böyük cinayətdir" deyən Prezident Əliyev birinci növbədə sağlam inanclı insanlara və peşəkar din xadimlərinə daha da fəallaşmaq mesajı verdi. İslam dininin əsl dəyərlərinin cinayətkar əllərdə rəzil bir alətə cevrilməsi cəhdlərinə qarşı din xadimlərinin fəallaşmasına ehtiyac var. Bu onların həm inam borcu, həm də dövlətimizin rahat dini mühit yaratmaq istiqamətində verdiyi dəstəyə minnətdarlıq borclarıdı. Dünyanın heç bir yerində Prezident öz fondundan dini konfessiyalara maliyyə yardımı ayırmır. Ancaq Azərbaycan Prezidentinin bu istiqamətdə çoxsaylı sərəncamları olub. Əfsuslar ki, biz agır günlərdə, siyasiləşmiş cinayətkarlar islamın ali dəyərlərini öz planlarına alət etmək istəyəndə buna qarşı ölkəmizdəki qeyri-islam konfessiyalarının elə bir mövqe nümayişini görmədik. Nə gözləyirlər? Fəal hərəkət üçün hansısa xristian ekstremist cərəyanların hərəkətlənməsinimi gözləməliyik?!
Cənab Prezidentin müşavirədəki mesajları cəmiyyətin bütün təbəqələrini dövlətçilik və əsl dini dəyərlərin mühafizəsi naminə daha fəal və ayiq mövqe tutmaga çağırışlardı.