Azərbaycan Polisinin 100 illik yubileyi münasibətilə bir qrup polis əməkdaşının və iyulun 10-da Gəncədə ictimai asayişi kobud şəkildə pozmaq cəhdinin qarşısının alınması zamanı qəhrəmancasına şəhid olmuş 2 polis zabitinin (ölümündən sonra) təltif edildikləri dövlət mükafatlarının təntənəli şəkildə təqdim edilməsinə həsr olunmuş mərasim keçirilib.
Baki-xeber.com xəbər verir ki, əvvəlcə daxili işlər naziri, general-polkovnik Ramil Usubov xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş iki zabitin - İlqar Balakişiyevin və Səməd Abbasovun təltif edildikləri “Azərbaycan Bayrağı” ordenlərini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən mərhumların övladlarına təqdim edib, onlara atalarının qəhrəmanlıq yolunu gələcəkdə davam etdirməyi, Vətənə layiqli övlad kimi yetişmələrini arzulayıb.
Daha sonra Azərbaycan Polisinin 100 illik yubileyi ərəfəsində möhtərəm dövlət başçımızın təltif etdiyi bir qrup əməkdaşa yüksək mükafatlar təqdim edilib.
Nazir R.Usubov şəxsi heyətin gərgin və fədakar əməyini hər zaman yüksək qiymətləndirdiyinə, xüsusən iyulun 10-da Gəncə şəhərində qəhrəmanlıqla həlak olmuş 2 əməkdaşımızı təltif etdiyinə görə ölkə Prezidentinə bir daha dərin təşəkkürünü bildirib, bu ali diqqət və qayğının daxili işlər orqanlarının bütün əməkdaşlarının ruh yüksəkliyinə səbəb olduğunu, onların üzərinə əlavə məsuliyyət qoyduğunu vurğulayıb, bütövlükdə Azərbaycan Polisinin qarşıya qoyulmuş istənilən vəzifənin öhdəsindən bundan sonra da layiqincə gələcəyinə, Vətənə, xalqa və Prezidentə bundan sonra da sədaqətlə xidmət edəcəyinə əminliyini bildirib.