Ermənistanda səfərdə olan İranın energetika naziri Reza Ardakanian Baş nazir Nikol Paşinyana prezident Həsən Ruhaninin səfər dəvətini çatdırıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə erməni mətbuatı yazır. Xəbərə görə, ikitərəfli görüş zamanı Ardakanian və Paşinyan azad iqtisadi zona və investisiya cəlbi məsələlərinə diqqət çəkib, bu yöndə əməkdaşlığı məqsədyönlü sayıblar. Eyni zamanda tərəflər regional problemlərə də diqqət ayırıb.
Maraqlıdır ki, erməni mətbuatı, hər dəfə olduğu kimi, bu xəbərin yayımında da fürsəti əldən qaçırmır, İranla yaxınlaşma kursunu qızışdırıcılıq siyasəti üzərində qurduqlarını ortaya qoyur. Bildirilir ki, səfər dəvətini məhz İslam Respublikasının energetika nazirinin etməsi on illərdir Ermənistanı blokadada saxlayan Bakıya Tehran və İrəvan arasında enerji əməkdaşlığı ilə bağlı önəmli mesajdır.