Müvəqqəti işlər vəkili: “Birgə əməkdaşlıq sayəsində Azərbaycan və ABŞ daha yaxşı gələcək qura bilər” Samir Şərifov: “Bakı Azərbaycanın iştirakı ilə enerji layihələrinin həyata keçirilməsinə ABŞ-ın dəstəyini yüksək qiymətləndirir”
Birgə əməkdaşlıq sayəsində Azərbaycan və ABŞ daha yaxşı gələcək qura bilər. Trend-in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Uilyam Gil Birləşmiş Ştatların Müstəqillik Gününə həsr olunmuş tədbirdə deyib.
Bu il AB-ın müstəqilliyinin 242 illiyinin, Azərbaycan Xalq Cümhuriyyətinin isə 100 illiyinin qeyd edildiyini xatırladan U.Gil bunun xüsusi məna kəsb etdiyini deyib.
Diplomat qeyd edib ki, müstəqillik günündən etibarən ABŞ Azərbaycanı hər zaman dəstəkləyib: "Biz müstəqil və stabil Azərbaycanı dəstəkləməyə davam edirik. Birgə əməkdaşlıq sayəsində Azərbaycan və ABŞ iki ölkə və bütün dünya üçün daha yaxşı bir gələcək qura bilər".
Maliyyə naziri Samir Şərifov isə Bakının Azərbaycanın iştirakı ilə enerji layihələrinin həyata keçirilməsində ABŞ hökumətinin dəstəyini yüksək qiymətləndirdiyini deyib.
Nazir qeyd edib ki, ABŞ və Azərbaycan arasındakı münasibətlər bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə uyğun olaraq iki ölkənin maraqları çərçivəsində inkişaf edir və müxtəlif sahələri əhatə edir.
S.Şərifov qeyd edib ki, siyasi dialoqun genişləndirilməsi iki ölkə arasında əlaqələrin inkişafına xidmət edir.
Nazirin sözlərinə görə, ABŞ Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən transmilli enerji layihələrini daim dəstəkləyir: "Bu sahədə əlaqələr strateji xarakter daşıyır və həm ABŞ, həm də Azərbaycanın maraqlarına cavab verir. Biz Azərbaycanın iştirakı ilə enerji layihələrinin həyata keçirilməsi üçün ABŞ hökumətinin dəstəyini yüksək qiymətləndiririk".