Azərbaycan Ordusunun keçirdiyi genişmiqyaslı təlimlərin planına uyğun olaraq, təlim iştirakçıları ərazinin maketi üzərində qoşunların qarşılıqlı fəaliyyətlərinin təşkilini həyata keçirib.
Baki-xeber.com-un Müdafiə Nazirliyinin Mətbuat xidmətindən aldığı məlumata görə, təlimlərlə bağlı keçirilən müşavirədə çətin dağlıq relyef şəraitində qoşunların döyüş hazırlığı təcrübəsi nəzərə alınmaqla təlimlərin mərhələlər və vaxt üzrə epizodları işlənib.
Xəbərə görə, qərargahlarda tapşırıqlar aydınlaşdırılıb, vəziyyət qiymətləndirilib, qərarlar qəbul edilib və qoşunlara müvafiq göstərişlər verilib.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, iyulun 2-də Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı təlimləri başlayıb.
Təlimlərə 20.000 nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dən artıq müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 30-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.
İyulun 6-dək davam edəcək təlimlərdə döyüş əməliyyatlarının aparılmasının müasir təcrübəsi nəzərə alınmaqla qoşunlar müxtəlif növ qoşun əməliyyatlarının keçirilməsi, o cümlədən şərti düşmənə yüksək dəqiqlikli silah sistemlərinin etibarlı raket, artilleriya, bomba-hücum, eləcə də aviasiya və pilotsuz uçuş aparatları (PUA) ilə atəş zərbələrinin endirilməsi, həmçinin genişmiqyaslı hücum əməliyyatının keçirilməsi ilə işğal edilmiş ərazilərin azad edilməsi üzrə tapşırıqları yerinə yetirəcək.