Payızda İrəvan xanlarının şəxsi əşyaları Azərbaycana gətiriləcək.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə Milli Elmlər Akademiyasının Hüquq və insan hüquqları İnstitutunun böyük elmi işçisi Rizvan Hüseynov “İrəvanın tarixi mərkəzi” adlı kitab-fotoalbomun təqdimatında deyib. Onun sözlərinə görə, arxivlərdə aşkarlanan İrəvan xanlarına aid bir sıra əşyalar – mebel, bayraq, geyim, portretlər Azərbaycana gətirilərək nümayiş olunacaq.
Rizvan Hüseynov xatırladıb ki, İrəvan şəhərinin nadir fotoları, həmçinin İrəvan xanlarının şəxsi əşyaları 200 ildir Tiflisdə – Milli muzeyin zirzəmisindəki arxivdə saxlanır. Böyük elmi işçi artıq 4 ildir burada işlədiklərini də deyib.
Xatırladaq ki, 2018-ci ildə təqdimatı keçirilən sözügedən kitab-fotoalbom Qafqaz Tarixi Mərkəzi tərəfindən Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının qrant layihəsi çərçivəsində çap olunub. Layihənin müəllifi Prezident Administrasiyasının sektor müdiri, politoloq Fuad Axundov, tərtibatçısı Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynovdur.