Dünən Ermənistanda hökumətin qapalı iclası keçirilib.
Baki-xeber.com-un erməni mətbuatından aldığı xəbərə görə, gündəlikdəki iki məsələdən biri narkotiklə mübarizə mövzusunda olub, digəri isə açıqlanmır. Yalnız o bildirilir ki, maliyyə naziri Atom Cancuqazyanın məruzəsi dinlənib. Yerli lragir.am saytı məsələni hökumətin pul axtarışına çıxması ilə izah edir. Bildirilir ki, aparılan korrupsiya ilə mübarizə “obşakı” dağıtdığından, hökumət ölkəni idarə etmək üçün vəsait tapa bilmir, çünki buna qədər ölkə korrupsiyadan gələn gəlirlər hesabına idarə olunub.
Sayt bu arada diqqəti ona çəkir ki, hökumətin iclasından bir gün öncə Baş nazir Nikol Paşinyan eyni gündə iki qadınla təkbətək görüşüb. Onlardan biri Avropa İttifaqının Ermənistandakı ofisinin rəhbəri Natalya Vutova, digəri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Mersi Tmbon olub. Xəbərə görə, hər iki qadın Ermənistanla əməkdaşlığa və islahatlara dəstək verməyə hazır olduqlarını bildirib.
Sayt onu da yazır ki, investorların bu ölkəyə maraq göstərməməsi də faktdır və nəticədə xarici borcun bir qədər də şişməsi qaçlmaz görünür.