Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 100 illiyini münasibətilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Quba rayonunda yerləşən hərbi hissəsində əsgər və zabitlərlə görüş keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başlayıb.
Çıxış edən hərbi hissə komandiri, polkovnik Sahib Məmmədov bayram münasibəti ilə hərbi hissənin zabit, gizir və əsgər heyətini təbrik edib. Azərbaycan Ordusunun yaradılmasından və respublikamızda ordu quruculuğu sahəsində görülən işlərdən danışan S.Məmmədov əsgərlərimizin Vətənə böyük vətənpərvər ruhda xidmət edtiyini bildirib.
Sonra çıxış edən Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ordu sahəsində apardığı islahatlardan danışaraq, ölkəmizdə Qafqazın ən qüdrətli ordusunun yaradıldığını bildirib. Məhz 2016-cı ilin aprel döyüşlərində qazandığımız qələbə və Naxçıvanda Günnüt qələbəmiz ordumuzun gücünün bariz nümunəsidir.
Bütün zabit, gizir və əsgər heyətini təbrik edən icra başçısı onlara xidmətdə uğurlar arzulayıb.
Daha sonra xidmətdə fərqlənən zabit, gizir və əsgərlərə müxtəlif hədiyyələr təqdim olunub.
Nizam HƏMİDOV DİN Mətbuat Xidmətinin əməkdaşı