Qardaş Türkiyə mətbuatı Azərbaycanda böyük təntənə ilə qeyd olunan Ordumuzun yaranmasının 100 illiyinə həsr olunmuş möhtəşəm hərbi parad barədə xəbərlərə öz səhifələrində geniş yer verib.
Baki-xeber.com-un xəbərinə görə, yazılarda paradın gedişi detallı şəkildə qeyd olunur, bu münasibətlə ölkəmizə gəlmiş rəsmi qonaqlar, həmçinin əcnəbi ölkələrin Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərinin, veteranların və ictimaiyyət nümayəndələrinin iştirakı diqqətə çatdırılır.
Paradda, xüsusilə Türkiyə Cumhuriyyətinin Müdafiə, daxili İşlər nazirliklərini, Dövlət Təhlükəsizliyi, Dövlət sərhəd xidmətlərini, həmçinin Türk Silahlı qüvvələrini təmsil edən 4000 nəfərə yaxın şəxsi heyətin iştirak etdiyi vurğulanır. Yazılarda Bakının Azadlıq meydanında hərbi keçidi təşkil olunan texnika barədə də geniş məlumat verilir. Bildirilir ki, hərbi paradda 240 adda hərbi texnika, 70-dən artıq uçuş vasitələri, yaxın zamanlarda Ordumuzun arsenalına daxil edilmiş ən müasir zirehli texnika, o cümlədən raket və artilleriya vasitələri, havadan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları təqdim olunub.