Bu gün səhər saatlarından İrəvanda sakinlər meriyanın bütün giriş-çıxışlarını bağlayıb.
Baki-xeber.com-un erməni mətbuatından aldığı məlumata görə, etirazçılar işə gələn meriya əməkdaşlarını binaya buraxmayıb. Aksiya iştirakçıları şəhər meri Taron Marqaryanın istefasını tələb edir.
“Buraya heç kəs daxil ola bilməz. Bu bir vətəndaş itaətsizliyi aktıdır və bununla biz korrupsiyaya bulaşmış, sadə vətəndaşların sayəsində ağılalmaz sərvətə yiyələnmiş məmurlara yox deyirik”- deyə aksiya iştirakçılarından biri jurnalistlərə deyib.
Xatırladaq ki, bazar günü yerli portallar aktivistlərin İrəvan meri Taron Marqaryanın əmlakını araşdırması barədə süjet yayıb. Həmin translyasiyada mer və onun ətrafına aid, İrəvanın mərkəzində yerləşən bir neçə elit malikanə, həmçinin daşınma əməliyyatları aparan gəlirli şirkətlər nümayiş olunub.
Onu da bildirək ki, Taron Marqaryan eks hakim Pespublika partiyasının aparıcı simalarından Andranik Marqaryanın oğludur və mer vəzifəsinə 2017-ci ildə üçüncü dönəmə seçilib.
Nikol Paşinyan isə daha öncə bildirib ki, “İrəvan meri yalnız Nazirlər Kabineti tələb edərsə” istefa verəcək.