Ermənistanın “Yerkrapa” Könüllülər İttifaqı qurumun rəhbəri Manvel Qriqoryanın külli miqdarda dövlət əmlakını mənimsəməsi faktı ilə bağlı iclas keçirib.
Baki-xeber.com-un erməni mətbuatına istinadən xəbərinə görə, toplantının əsas mövzusu Qriqoryanla bağlı hansı addımların atılması ilə bağlı olub. Sputnik-Armeniya yazır ki, iclasda yekdilliklə Qriqoryanın ittifaq rəhbərliyindən uzaqlaşdırılması və yeni sədrin seçilməsi qərara alınıb.
Təşkilat əmin edib ki, bundan sonra da sıralarında “təmizlənmə” işini davam etdirəcək.
Xatırladaq ki, Azərbaycan torpaqlarının işğalında öncül şəxslərdən olmuş general Manvel Qriqoryan bu ayın ortalarında həbs edilib. Milli Məclisin üzvü olan generalın toxunulmazlığının ləğvinə parlament iyunun 19-da razılıq verib, həbs qərarını həmin gün paytaxt İrəvanda məhkəmə çıxarıb. İyunun 16-da Milli Təhlükəsizlik Xidmətinin tutduğu Manvel Qriqoryan qanunsuz silah-sursat saxlamaqda, özgə əmlakını talamaqda təqsirli bilinir. Ona məxsus ev və ərazilərdən külli miqdarda silah-sursat, hərbi və xüsusi texnika, cəbhə bölgəsi üçün yığılmış tibbi ləvazimat, ərzaq aşkarlanıb. Generalın onlarca maşına, hətta şəxsi zooparka sahib olduğu açıqlanıb. Azərbaycan torpaqlarının qanlı işğalının fəal iştirakçısı olan Manvel Qriqoryan Dağlıq Qarabağda müxtəlif hərbi hissələrə komandirlik edib, Ermənistan Ordusunda korpus komandiri olub. 1996-cı ildə general-mayor, 2000-ci ildə general-leytenant ali hərbi rütbəsi alıb. 2000-2008-ci illərdə müdafiə nazirinin müavini postunu tutub.
2012 və 2017-ci illərdə Ermənistan Respublika Partiyasının proporsional siyahısından parlamentin deputatı seçilib.
“Yerkrapa” könüllülər birliyinin sədri idi.