“Azərbaycanla Gürcüstan arasında əlaqələr dostluq və mehriban qonşuluq prinsiplərinə əsaslanıb”. APA-nın məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov gürcüstanlı həmkarı Mixail Canelidze ilə görüşdən sonra keçirilən brifinqdə deyib.
O bildirib ki, görüşdə strateji tərəfdaşlığın inkişafı yolları müzakirə olunub: “Bakı-Tiflis-Qars dəmir yolu xətti bu il fəaliyyətə başlayacaq. Bu layihə hər 3 ölkən inkişafına təkan verəcək".
E.Məmmədyarov deyib ki, Gürcüstan, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin görüşü olacaq. Nazir bildirib ki, görüşün bu ilin ilk yarısı ərzində keçirilməsi nəzərdə tutulur.
E.Məmmədyarov Gürcüstanla Azərbaycanın bir-birinin ərazi bütövlüyünü dəstəklədiyini deyib. O bildirib ki, hazırda Gürcüstanın sədrlik etdiyi GUAM təşkilatı çərçivəsində əlaqələrin inkişafı barədə müzakirələr aparılıb: “GUAM-ı xüsusilə iqtisadi baxımdan necə gücləndirmək barədə danışdıq. Müəyyən layihələr var. Yaxın 2-3 ay ərzində təşkilata üzv ölkələr arasında yüksək səviyyəli görüş nəzərdə tutulur”.
“Azərbaycan və Gürcüstan 25 ərzində dostluq və mehriban qonşuluq münasibətlərini davam etdirir”. Bu sözləri isə Gürcüstanın xarici işlər naziri Mixail Canelidze deyib. O bildirib ki, iki ölkə arasında yüksək səviyyəli dialoq var:
“Əməkdaşlığımız müvafiq formatlarda davam edir və biz bu dialoqu intensiv şəkildə davam etdirmək fikrindəyik. Ötən il iki ölkə arasında ticarət dövriyyəsinə dair rəqəmlər pozitiv deyil. Regionda böhran olub. Lakin plan qurduq ki, bu sahədə işlərimizi aktivləşdirək. Potensialdan maksimum istifadə etməliyik. Ümid edirəm ki, bunlar pozitiv nəticələr verəcək. Regionda energetika və nəqliyyat layihələrinə önəm veririk. Tranzit imkanlarını artırmaq niyyətindəyik. Bu istiqamətdə mühüm layihələr var. Bu ilin sonunda Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi istifadəyə veriləcək”.
M. Canelidze bəyan edib ki, Gürcüstan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü, suverenliyini dəstəkləyir: “Əməkdaşlığımız Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində də davam edir. Azərbaycanı Avropa İttifaqı ilə yeni saziş üzrə danışıqların başlaması münasibətilə təbrik edirik”.