Saatlı rayonunda Azərbaycan Respublikasının Konstitusiyasına nəzərdə tutulan əlavə və dəyişikliklərlə bağlı “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun seçicilərlə izdihamlı görüşü keçirilib. Görüşü giriş sözü ilə açan YAP Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev bildirib ki, bu dəyişiklik cəmiyyətdən gələn sosial sifariş olduğu üçün xalqımız bu dəyişikliklərə yekdillikə səs verəcək.
Sonra Milli Məclisin Səhiyyə komitəsinin sədri, “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, akademik Əhliman Əmiraslanov çıxış edərək bildirib ki, Konstitusiyaya dəyişikliklər Azərbaycanda demokratik proseslərin daha da inkişaf etməsinə, insan haqlarının qorunmasına, Azərbaycanda idarəçilik sisteminin məhkəmlənməsinə yeni imkanlar açacaq: “Dünyada və regionda gedən proseslər tələb edir ki, Konstitusiyada vacib olan dəyişikliklər edilsin. Yəni təqdim olunan və 26 sentyabrda keçiriləcək Konstitusiya dəyişikliyi zərurətdən irəli gəlib. Dəyişikliklər yeni inkişaflara hüquqi əsaslar yaradacaq. Bu dəyişikliklərin hər biri mütərəqqi olduğu üçün xalqımızın yekdilliklə səs verəcəyinə əminəm”.
Ə.Əmiraslanov Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurlardan, ölkəmizin dünya miqyasında artan nüfuzundan, bütün sahələrdəki inkişafdan danışaraq bildirib ki, dövrün tələblərinə uyğun olaraq Konstitusiyaya dəyişiklik həm zərurət, həm də günün tələbidir: “Hələ ilin əvvəlində Prezident İlham Əliyev 2016-cı ili islahatlar ili elan edib, yeni qurumlar təsis edilib. Ona görə də Konstitusiya dəyişikliklərini ölkədə aparılan siyasi və iqtisadi islahatların davamı hesab etmək olar. Yaradılması nəzərdə tutulan vitse-prezidentlik institutu qəbul edilən qərarların icrasını təmin etmək üçün optimal idarəetmə kimi nəzərdə tutulub. Dəyişiklik və əlavələrə əsasən, sahibkarlıq sahəsində dövlətin funksiya və vəzifələrinin sərhədləri dəqiq müəyyən edilib. Seçkili orqanlarda yaş senzinin aradan qaldırılması da mühüm addımdır”.
Tədbirdə çıxış edən seçicilər Konstitusiya islahatlarını dəstəklədiklərini və 26 sentyabrda səsvermədə iştirak edərək təklif edilən dəyişikliklərə səs verəcəklərini bildiriblər.