Prezident İlham Əliyev bu gün Xaçmaz rayonuna səfəri çərçivəsində şəhərin mərkəzində yenilənən Nikah Evinin binasının açılışını edib.
Baki-xeber.com Prezidentin rəsmi İnternet səhifəsinə istinadən xəbər verir ki, Prezidentə binanın tarixi ilə bağlı məlumat verilib. Bildirilib ki, bina 2005-ci ildə sosial təyinatlı obyekt kimi inşa edilib. Əsaslı təmir və yenidənqurma işlərindən sonra Nikah Evi kimi fəaliyyət göstərir. Ümumi sahəsi 448 kvadratmetr olan binada regionun ən böyük təntənəli mərasim zalının olması nikah bağlayanlar üçün müxtəlif tədbirlərin təşkili ilə bağlı geniş imkanlar açır.
Nikah Evinin daha bir üstünlüyü evlənmək istəyən şəxslərin qanunvericiliklə müəyyən edilmiş qaydada tibbi müayinəsi və onlara tibbi arayışın verilməsi üçün digər tibb müəssisələrinə müraciət etməsinə ehtiyac qalmayacaq və həmin prosedur bilavasitə burada həyata keçiriləcək. Həmçinin burada nikahı qeydiyyata alınanlar üçün otaq ayrılıb, təntənəli mərasimlərin təşkilinə və əməkdaşlara lazımi şərait yaradılıb.