Bakıda 15 iyul hadisələrinə həsr olunmuş "Xəyanətdən qələbəyə" filminin təqdimatı keçirildi
Azərbaycan çevrilişə cəhdin ilk dəqiqələrindən Türkiyənin yanında oldu. APA-nın məlumatına görə, bu sözləri Türkiyəni Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun "Xəyanətdən qələbəyə" filminin təqdimatı zamanı deyib.
O bildirib 15 iyul gecəsi ağır silahların vətəndaşlara yönəldilməsi ilə yaşanılan bu hadisə çox ağırdır: "Şanlı tariximizin yeni səhifəsini birlikdə izlədik. Bütün Türkiyə xalqı qarşımızda duran ortaq təhdidə qarşı çıxaraq ölkəsinə sahib çıxdı. Həmin hadisədən sonra içimizdə yerləşmiş, dərinliklərə işləmiş bir ünsürə qarşı mübarizəyə başladıq. Bu indiyə kimi Türkiyənin terrora qarşı apardığı mübarizənin ən çətini idi. Türkiyə bu təcrübədən güclənərək çıxdı. Yaxşı və pis gündə Azərbaycanla Türkiyə birlikdədir. Və bütün dünya bilməlidir ki, bu iki ölkə bir birini heç zaman tək buraxmayacaq. Türkiyə olaraq Azərbaycanla FETÖ-çulara qarşı birlikdə mübarizə aparmaq çox vacibdir. Biz Azərbaycanın bu günə kimi olan mübarizəsindən çox məmnunuq. Bu sahədə də əməkdaşlığımız davam edəcək".
Səfir deyib ki, FETÖ-yə qarşı mübarizədə Türkiyə və Azərbaycan hər cür əlaqə vasitələrindən istifadə edirlər: “Azərbaycanla Türkiyə arasında hər təhdid və təhlükəyə qarşı mübarizə sahəsində sıx informasiya mübadiləsi əlaqəsi mövcuddur. Türkiyə əldə etdiyi bilgiləri uyğun kanallarla Azərbaycanla paylaşır. Biz Azərbaycanla təcrübə və məlumatları bölüşürük. Azərbaycanın da vacib bildiyi tədbirləri öz iradəsi çərçivəsində görməsi üçün lazimi qurumların müraciəti əsasında dəstəyimizi göstərməyə hazırıq”.
O bildirib ki, Türkiyə ilə Azərbaycan arasında son illər hər sahədə əməkdaşlıq ciddi şəkildə irəliləyib: “Buraya hərbi sahədə əməkdaşlıq, Türk Silahlı Qüvvələrinin və Azərbaycan Silahlı Qüvvələrinin hazırlıq səviyyəsinin genişləndirilməsi daxildir. Bunun ən başında da hərbi təlimlər dayanır. Yaxın gələcəkdə də bütün bu fəaliyyətlər ləngimədən davam edəcək. Türkiyə çox ciddi və ağır təcrübədən keçdi. Bununla əlaqədar qısa müddətdə müəyyən yavaşlamaların olmasını təbii qarşılamaq lazımdır. Güman edirəm ki, yaxın vaxtlarda bu sahədə dövlət rəsmilərinin qarşılıqlı səfərlərinin şahidi olacağıq".