Avropanın ABŞ-a Ukrayna məsələsində daha güclü və uzunmüddətli öhdəliklər qarşılığında Qrenlandiyada Vaşinqtonun rolunun genişləndirilməsinə razılıq verməsi ideyası nəzəri baxımdan maraqlı görünsə də, praktik və hüquqi baxımdan son dərəcə mürəkkəbdir. Bu, klassik “geosiyasi barter” məntiqinə uyğun gəlir: təhlükəsizlik zəmanətləri əvəzində strateji güzəşt. Lakin Qrenlandiya məsələsi təkcə ABŞ-AB münasibətlərinin predmeti deyil və bu, razılaşmanın mümkünlüyünü xeyli məhdudlaşdırır.
Əvvəla, Qrenlandiya Avropa İttifaqının deyil, Danimarka Krallığının muxtar ərazisidir və geniş daxili özünüidarəyə malikdir. Adanın taleyi ilə bağlı hər hansı strateji qərar yalnız Kopenhagenin deyil, həm də Qrenlandiya hökumətinin və əhalisinin iradəsini tələb edir. Avropa dövlətləri Ukrayna mövzusunda kollektiv mövqe sərgiləsələr də, Qrenlandiya üzərində “verici tərəf” deyillər. Bu isə belə bir razılaşmanın hüquqi əsasını son dərəcə zəiflədir.
İkincisi, ABŞ-ın Qrenlandiyada mövcudluğu artıq faktiki olaraq var. Thule (Pituffik) Hərbi Hava Bazası uzun illərdir ABŞ-ın Arktikadakı əsas strateji dayaqlarından biridir. Vaşinqtonun marağı isə təkcə hərbi deyil, həm də iqtisadi və geosiyasidir: nadir torpaq elementləri, enerji ehtiyatları və Arktik dəniz yolları ABŞ üçün uzunmüddətli rəqabət üstünlüyü vəd edir. Bu kontekstdə ABŞ-ın mövqeyi “Ukrayna qarşılığında Qrenlandiya” kimi sadə bir mübadilədən daha geniş strateji hesablamalara əsaslanır.
Üçüncüsü, Ukrayna məsələsi ABŞ üçün təkcə Avropaya xidmət edən bir siyasət deyil. Vaşinqton Kiyev dəstəyini Rusiya ilə qlobal rəqabətin əsas cəbhələrindən biri kimi görür. Buna görə də Avropanın Ukrayna üzərindən ABŞ-ı “razı salmaq” imkanları məhduddur. ABŞ dəstəyini azaltsa belə, bunu Qrenlandiya ilə bağlı konkret güzəşt qarşılığında etməsi real görünmür. Əksinə, bu, ABŞ daxili siyasətinin və administrasiyanın prioritetlərinin nəticəsi olacaq.
Nəhayət, belə bir razılaşma Avropanın öz daxilində ciddi parçalanma yarada bilər. Almaniyanın NATO çərçivəsində “Arktika Mühafizəçisi” kimi kollektiv mexanizmlər təklif etməsi göstərir ki, bir sıra Avropa ölkələri ABŞ-ın birtərəfli güclənməsindən daha çox, çoxtərəfli təhlükəsizlik modelinə üstünlük verir. Qrenlandiyada ABŞ-ın rolunun açıq şəkildə genişləndirilməsi isə Avropanın strateji muxtariyyət iddiaları ilə ziddiyyət təşkil edər.
Beləliklə, nəzəri səviyyədə Avropanın ABŞ-a Ukrayna qarşılığında Qrenlandiyada daha geniş iştirak təklif etməsi müzakirə oluna bilsə də, real siyasətdə bu, hüquqi, siyasi və institusional maneələrə görə çətin reallaşan bir gözləntidir. Daha real variant ABŞ-ın Arktikadakı mövqeyinin NATO çərçivəsində, mərhələli və dolayı yollarla gücləndirilməsi, Ukrayna məsələsinin isə bundan formal olaraq ayrı saxlanmasıdır.
Akif NƏSİRLİ