“Harri Potter” seriyasının müəllifi, britaniyalı yazıçı Joan Ketlin Roulinq insan haqları fəallarının İrandakı etirazlara münasibətdə susqun qalmasını sərt tənqid edib. Yazıçı “X” hesabında paylaşdığı açıqlamada fəalları ikiüzlülükdə və insan haqlarına seçici yanaşmada günahlandırıb.
Bu barədə Azad İran Teleqram kanalı məlumat yayıb.
Roulinqin paylaşımı qısa müddətdə geniş rezonans doğurub və 9 milyondan çox baxış toplayıb. Yazıçı bildirib ki, Qərbi tənqid edən və müxtəlif mövzularda fəal mövqe nümayiş etdirən bəzi insan haqları müdafiəçiləri repressiv rejimə qarşı küçələrə çıxan İran etirazçılarını bilərəkdən görməzdən gəlirlər.
Roulinq vurğulayıb ki, insan haqlarını müdafiə etdiyini iddia edənlər İranda azadlıqları uğrunda mübarizə aparanlarla həmrəylik göstərmirsə, bu, onların həqiqi niyyətlərini ortaya qoyur. Onun sözlərinə görə, bu cür yanaşma zülm və zorakılığa yalnız siyasi maraqlara uyğun olduqda reaksiya verildiyini göstərir.
İradə SARIYEVA