Əli Sultanov: “Bina əyilirsə, deməli, konstruksiyası düzgün qurulmayıb”
“Qobu Park 1–2” yaşayış massivində məcburi köçkünlər üçün inşa edilmiş binaların pis vəziyyətdə olması ilə bağlı iddialar yayılıb. Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi açıqlama yayıb.
Bildirilib ki, bundan öncə də, oxşar hadisə zamanı podratçı şirkət və aidiyyəti qurum tərəfindən aparılan texniki baxış və mühəndis yoxlamaları nəticəsində binaların möhkəmliyi və təhlükəsizliyi ilə əlaqədar heç bir problem qeydə alınmayıb.
Qeyd edək ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə "Qobu Park" yaşayış kompleksindəki binaların getdikcə yararsız vəziyyətə düşdüyünü əks etdirən videogörüntülər yayılmışdı. Maraqlıdır, adıçəkilən binaların əyilməsi ilə bağlı iddialar hansı məqsədlə yayılıb? Ümumiyyətlə, bu binaların əyilmə ehtimalı varmı?
Əmlak eksperti Əli Sultanov baki-xeber.com-a bildirdi ki, binanın əyilib-əyilmədiyi araşdırılmalıdır: “Bu fakt doğrudursa, səbəbi öyrənilməlidir. Zamanla bir çox yeni tikili binaların əyilməsi ilə məlumatlar yayılır. Bina əyilirsə, deməli, konstruksiyası düzgün qurulmayıb. Əyilmiş bina, əlbəttə ki, təhlükə mənbəyidir. Bina qəzalı sayılır. Binalar tikilməzdən əvvəl torpağın tərkibinin öyrənilməsində səhvlər buraxılmış ola bilər. Nəticədə, buradan keçən qrunt suları binaların təməlini yuyub. Bundan başqa, yer səthində baş verən dalğalanmalar nəticəsində suxurun strukturunun dəyişməsi mümkündür. Ola bilər ki, binanın konstruksiyasında hər hansı bir problem yoxdur, bina əyilməyib, sadəcə orda yaşayanlar və kimlərsə məqsədli şəkildə belə bir iddia səsləndirir. İstənilən halda bu məsələ araşdırılmalıdır”.
Günel CƏLİLOVA