Avropa İttifaqında vahid ordunun yaradılması ideyası son illər nəzəri müzakirə çərçivəsindən çıxaraq real siyasi gündəliyin bir hissəsinə çevrilib. Andrius Kubiliusun 100 min nəfərlik daimi ümumavropa ordusu və Avropa Təhlükəsizlik Şurası ilə bağlı təklifləri bu tendensiyanın artıq konseptual yox, strateji mərhələyə keçdiyini göstərir. Bu təşəbbüslərin ortaya çıxması birbaşa qlobal güc balansındakı dəyişikliklər və ABŞ-ın Avropaya təhlükəsizlik baxımından əvvəlki qədər prioritet yanaşmaması ilə bağlıdır.
Kubiliusun arqumentlərinin mərkəzində ABŞ-ın diqqətini Asiya-Sakit okean regionuna yönəltməsi və Çinin yüksəlişinin Vaşinqton üçün əsas təhlükəsizlik çağırışına çevrilməsi dayanır. Bu şəraitdə Avropanın uzun illər güvəndiyi Amerika hərbi mövcudluğunun zəifləməsi ehtimalı Aİ-ni öz müdafiə imkanlarını yenidən düşünməyə məcbur edir. Donald Trampın NATO-ya münasibətdə sərt və bəzən qeyri-müəyyən mövqeyi, eləcə də müttəfiqlərdən daha çox maliyyə və hərbi öhdəlik tələb etməsi Avropada strateji etimadsızlığı daha da gücləndirib.
Rəsmi açıqlamalarda vahid Aİ ordusu NATO-nu əvəz edən deyil, onu tamamlayan mexanizm kimi təqdim olunur. Lakin ideyanın mahiyyəti diqqətlə təhlil edildikdə əsas məqsədin Avropanın ABŞ-dan asılılığını azaltmaq olduğu aydın görünür. Daimi komandanlığa, öz büdcəsinə və müstəqil qərarvermə imkanına malik hərbi qüvvə NATO-nun Avropadakı rolunu avtomatik olaraq ikinci plana keçirə bilər. Bu, xüsusilə Avropa Təhlükəsizlik Şurası kimi ayrıca siyasi-hərbi koordinasiya orqanının yaradılması fonunda daha aydın hiss olunur.
Fransa və İspaniyanın bu təşəbbüslərə açıq dəstəyi də təsadüfi deyil. Fransa uzun müddətdir “strateji muxtariyyət” ideyasını irəli sürür və Avropanın qlobal güc mərkəzi kimi çıxış etməsini istəyir. İspaniyanın “üçüncü tərəflərdən asılılığın dayandırılması” çağırışı isə birbaşa ABŞ-a və NATO-nun mövcud strukturuna yönəlmiş mesaj kimi oxunur. Bu mövqelər Avropanın təhlükəsizliyinin artıq yalnız transatlantik münasibətlər üzərində qurulmasının riskli hesab edildiyini göstərir.
Bununla yanaşı, Aİ daxilində ciddi ziddiyyətlər qalmaqdadır. Bir çox üzv dövlətlər milli ordular üzərində nəzarəti Brüsselə verməyə və ya hərbi suverenliklərini paylaşmağa hazır deyil. Şərqi Avropa ölkələri üçün NATO və ABŞ hələ də Rusiyaya qarşı əsas təhlükəsizlik zəmanəti sayılır. Bu səbəbdən vahid Avropa ordusunun qısa müddətdə NATO-nu əvəz etməsi real görünmür.
Nəticə etibarilə, hazırkı mərhələdə bu təşəbbüslər NATO-ya açıq alternativdən daha çox, Avropanın özünü sığortalamaq cəhdi kimi qiymətləndirilə bilər. Lakin uzunmüddətli perspektivdə ABŞ-ın Avropadakı rolunun azalması davam edərsə və Aİ institusional olaraq hərbi inteqrasiyanı dərinləşdirərsə, vahid Avropa ordusu və ona bağlı strukturlar faktiki olaraq NATO-ya paralel, hətta alternativ təhlükəsizlik arxitekturasına çevrilə bilər. Bu isə transatlantik münasibətlərdə yeni mərhələnin başlanğıcı demək olacaq.
Akif NƏSİRLİ