Qrenlandiyanı ələ keçirməkdə israrlı olan və lazım gələrsə hərbi yollara əl ata biləcəyini deyən ABŞ prezidenti Donald Tramp, iddialara görə, xüsusi əməliyyat komandirlərinə işğal planı hazırlamağı tapşırıb, lakin generalların müqaviməti ilə qarşılaşıb.
"The Mail on Sunday" qəzetinin diplomatik mənbələrə istinadən xəbər verir ki, Venesuela lideri Maduronu qaçırmaq əməliyyatının uğurundan cəsarətlənən Trampın ətrafındakı, siyasi məsləhətçi Stiven Millerin rəhbərlik etdiyi müharibə tərəfdarları Rusiya və ya Çindən əvvəl Qrenlandiyanın nəzarətini ələ keçirmək üçün hərəkətə keçib.
İddia edilir ki, Tramp Ortaq Xüsusi Əməliyyatlar Komandanlığına (JSOC) işğal planı hazırlamağı tapşırıb, lakin ABŞ Baş Qərargahı bu addımın "qanunsuz olacağı və Konqresin dəstəyini almayacağı" səbəbi ilə buna qarşı çıxırlar.
Yüksək vəzifəli hərbi rəsmilər Trampı bu qərardan çəkindirmək üçün müxtəlif yollar axtarırlar.
"Onlar Rusiyanın Qərb sanksiyalarından yayınmaq üçün istifadə etdiyi "kölgə donanmasını" dayandırmaq və ya İrana hücum etmək kimi daha az mübahisəli tədbirlərdən bəhs etməklə Trampın diqqətini yayındırmağa çalışırlar"- deyə adı açıqlanmayan mənbə bildirib.
Başqa bir mənbə isə bildirib ki, generallar Trampın Qrenlandiya planını dəlilik və qanunsuz hesab edirlər. Buna görə də onun diqqətini digər böyük hərbi əməliyyatlarla yayındırmağa çalışırlar.
Bu arada, Britaniyanın Qrenlandiyaya qoşun yerləşdirmək üçün danışıqlar apardığını xəbərləri yayılıb. Britaniya rəsmilərinin bu yaxınlarda Almaniya və Fransadakı həmkarları ilə danışıqlar apardığını bildirən "The Telegraph" qəzetinin məlumatına görə, hərbi rəsmilər bu strateji əhəmiyyətli bölgəni qorumaq üçün qoşun, hərbi gəmilər və təyyarələrin də yer alacağı mümkün NATO missiyası üçün planlar hazırlayır.
Bildirilir ki, əməliyyata hazırlıqlar artıq başlayıb, məqsəd Trampı Qrenlandiyanı ilhaq etmək planlarından əl çəkməyə inandırmaqdır.
TAHİR