Rüstəm Əfsərli: “Gələcəkdə ehtiyac yarandığı halda, yenidən Audiovizual Şuraya müraciət edərək lisenziya almaq hüququmuz var”
Məlum olduğu kimi, Audiovizual Şura "Neftçi TV" üçün "Neftçi Media" MMC-yə verdiyi peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasını ləğv edib. Bu barədə qurum məlumat yayıb. Bildirilib ki, iclasda "Neftçi TV" kanalının fəaliyyəti müzakirə olunub.
Qeyd olunub ki, aldığı peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasına uyğun olaraq son 1 il ərzində birbaşa internet üzərindən davamlı yayım apara bilməyən "Neftçi TV" kanalı ilə bağlı Audiovizual Şura tərəfindən "Neftçi Media" MMC-yə bir neçə dəfə bildiriş verilib, xəbərdarlıq olunub. Nəticədə "Neftçi Media" MMC yayım apara bilmədiyi üçün lisenziyanın ləğvi məqsədilə Audiovizual Şuraya müraciət edib. Lisenziya sahibinin müraciətini nəzərə alaraq Audiovizual Şura "Neftçi TV" kanalı üçün "Neftçi Media" MMC-yə verdiyi peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasını ləğv edib. Qeyd edək ki, "Neftçi TV" "Neftçi" Futbol Klubuna məxsus idi.
“Neftçi”nin media üzrə koordinatoru Rüstəm Əfsərli mediaya açıqlamasında bildirib ki, Neftçi TV” yeni ofisə – “Palms Sports” Futbol Mərkəzinə köçürülür: “Hazırda işlər davam edir və bu, müəyyən vaxt tələb edir. Daha sonra geniş yayım məsələsi yenidən gündəmə gətiriləcək. Yutub platformasında canlı yayımlarımız isə əvvəlki kimi davam edəcək. Gələcəkdə ehtiyac yarandığı halda, yenidən Audiovizual Şuraya müraciət edərək lisenziya almaq hüququmuz var. Bu, əslində dondurmadır, ləğv etmə deyil. Klub böyüdükcə, kanal da böyüyəcək”.
Günel CƏLİLOVA