Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan Ermənistan parlamentinin sədri Ararat Mirzoyana açıq məktub ünvanlayıb.
Baki-xeber.com-un xəbərinə görə, erməni mətbuatının yaydığı müraciətdə deyilir:
"Cənab Mirzoyan, Ermənistan parlament idarəetmə formasına sahib bir dövlətdir və siz parlamentin rəhbəri, ixtisasca tarixçisiniz. Bu gün dövlətimizin sərhədləri Sovet İttifaqının sərhədlərinə əsasən Sünikdə (Zəngəzur-red) çəkilir. O zaman sizə 3 sualım var:
1․ Sovet İttifaqının 32 ildən bəri mövcud olmayan sərhədlərini tanıyırsınız? 1921-ci ildə erməni "Artsaxı"nın Stalinin əmri ilə Sovet Azərbaycanına necə verildiyini tarixdən bilirsiniz?
2. Sovet İttifaqının sərhədlərini tanıyırsınızsa, deməli "Artsax"ı Azərbaycanın bir hissəsi hesab edirsiniz?
3. Düşünürsünüzmü ki, bununla dövləti 32 il geri çəkərək, erməni xalqının azadlıq mübarizəsini, "Artsax" müharibəsini bir heçə çevirdiniz?! Müstəqil Ermənistan tarixinin məhv edilməsində və ümumiyyətlə, Ermənistanın sivil dünyada "yaramaz ölkəyə" çevrilməsində iştirakçı oldunuz?.."
Xatırladaq ki, Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin 10 noyabr tarixində imzaladığı birgə sənədə əsasən, hazırda Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası həyata keçirilir, lakin erməni cəmiyyəti delimitasiyanın SSRİ dövründə təsdiqlənmiş bölgüyə əsasən aparılmasını doğru saymır.
SAMİRƏ