Rusiya Suriyanın Hələb şəhərində irimiqyaslı hücuma hazırlaşır. Moskva bu məqsədlə Suriyaya qanadlı raketlər daşıyan 3 sualtı gəmi göndərir. Baki-xeber.com xəbər verir ki, bu barədə İngiltərənin “The Times” qəzeti məlumat yayıb.
Qəzet İngiltərə donanmasındakı mənbələrə istinadən, ikisi Akula tipli üç sualtı gəminin Rusiyanın yeganə təyyarə gəmisi olan “Admiral Kuznetsov”la birlikdə Suriyaya doğru irəlilədiyini yazır. “Times” bu sualtı gəmilərin keçən həftə ingilis donanması tərəfindən müşahidə edildiyini iddia edir. Mənbələr qəzetə, sualtı gəmilərin Suriyada əməliyyat keçirmək üçün qanadlı raketlərlə təchiz edilmiş ola biləcəyini deyib.
Qəzet kəşfiyyata istinadla məlumat yayıb ki, Rusiya prezidenti Vladimir Putin yaxın 7 gün ərzində Suriyanın Hələb şəhərinə irimiqyaslı hücum planlaşdırır. Qəzet iddia edir ki, Rusiya Suriya rejiminin şəhər üzərində nəzarəti bərpa etməsi üçün, noyabrın 8-də ABŞ-da keçiriləcək prezident seçkisi ilə bağlı Vaşinqtondakı siyasi pauzadan istifadə eltmək fikrindədir.
Kəşfiyyatın məlumatına görə, Rusiyanın yeganə təyyarədaşıyan gəmisi “Admiral Kuznetsov” hazırda Aralıq dənizi ilə Suriyaya doğru gedir və bundan şəhərə hava zərbələrində istifadə ediləcək. “Admiral Kuznetsov” gəmisi 2 gündən sonra Suriyaya çatmalıdır. Rusiyanın böyük donanma karvanındakı gəmilər arasında nüvə gəmisi də var.
Moskvadan bu xəbəri təsdiqləyən ya da təkzib edən hər hansı rəsmi açıqlama verilməyib.
Hələb hazırda Suriya rejiminə qarşı vuruşan üsyançıların nəzarətindədir.
Qərb hesab edir ki, bu hazırda 275 minə yaxın adamın yaşadığı şəhərdə onsuz da ağır olan hümanitar vəziyyəti daha da pisləşdircək.
TAHİR