Azərbaycanın qara kürüsünün də 1990-cı illərin sonlarında Rusiya-ABŞ münasibətlərindəki gərginliyin müsbət həllində önəmli rol oynadığı ortaya çıxıb.
Baki-xeber.com xəbər verir ki, Rossiya-1 televiziyasının hazırladığı Rusiyanın keçmiş baş naziri Yevgeni Primakovun həyatından bəhs edən sənədli filmdə 1990-cı illərdəki Rusiya ilə ABŞ arasındakı gərgin münasibətlərə də toxunulur. Filmdə Primakovun həyat yoldaşı İrina Primakova, 1997-ci ildə dövrün ABŞ dövlət katibi Madlen Korbel Olbraytın Moskva səfərini xatırladır.
"NATO ilə əlaqədar sərt danışıqlar aparılırdı. Yevgeni evə gəlib, mənə ABŞ rəsmi nümayəndə heyətini evə dəvət etməyimizi təklif etdi. Evdə mantı hazırlamışdıq. O günlərdə, bakılı yoldaşlarımız bizə qara kürü göndərmişdi. Bir litr, şüşə qabda, möhtəşəm bir kürü idi... Uşaqlarımıza yedirməyi düşünürdük. Amma olmadı, kürünü masaya qoyduq. Gözəl bir rus süfrəsi hazırladıq" – deyə o bildirib.
Sənədli filmdə 12 nəfərlik amerikalı heyətin mantıları kürü ilə iştahla yedikləri qeyd edilir.
Primakova daha sonra bildirir: "Qonaqlar bütün kürünü mantı ilə yedilər. Biz də dadına baxdıq. Bizim xoşumuza gəlmədi bu şəkildə mantı ilə kürü yemək. Yeməkdən sonra Primakov və Olbrayt başqa otağa keçərək danışıqlara başladı və otaqdan razılaşaraq çıxdılar. Bununla mantı və kürü ziyafətindən əvvəl razılaşmaları lazım olanlar mövzular barədə yeməkdən sonra anlaşa bildilər".