BMT Insan haqları şurasına növbəti dönəm üçün keçirilən seçkilərin nəticələri Rusiya üçün ürəkaçan olmayıb.
Baki-xeber.com-un xəbərinə görə, Baş Assambleyada keçirilən seçkilərdə Rusiyanın lehinə beynəlxalq təşkilatın yalnız 112 üzvü səs verib, halbuki, Macarıstan və Xorvatiya müvafiq olaraq 144 və 114 səsə sahib olub. Beləliklə də Rusiya cari ilin sonunda səlahiyyət müddəti bitdiyi üçün qurumu tərk edəcək.
Ümumilikdə isə şuraya 3 il müddətinə 14 üzv ölkə seçilib. Bunlar Afrika qrupundan Misir, Ruanda, Tunis və CAR, Asiya-Sakit okean hövzəsindən İraq, Çin, Səudiyyə Ərəbistanı və Yaponiya, Latın Amerikasından Braziliya və Kuba, Qərbi Avropadan Böyük Britaniya və ABŞ-dır. Onlardan hazırda fəaliyyətdə olanları Çin, Səudiyyə Ərəbistanı, Birləşmiş Krallıq və CAR-dır. Dekabrın 31-də səlahiyyət müddəti bitənlər isə Əlcəzair, Mərakeş, Namibiya, Vyetnam, Maldiv adaları, Makedoniya, Meksika və Fransadır. 2017-ci ilin sonuna kimi, Hindistan, Nigeriya və Latviya da daxil olmaqla, şuranın tərkibində 15 ölkə qalacaq. 2018-in sonunda isə 18 ölkənin şurada səlahiyyətlərinə son veriləcək ki, bu sırada Venesuela, Almaniya, Gürcüstan, Qırğızıstan, BƏƏ və Cənubi Koreya yer alır.
Qeyd edək ki, BMT İnsan haqları şurası eyniadlı Komissiya əsasında 2006-cı ildə yaradılıb. Onun tərkibində BMT Baş Assambleyasında səsvermədən keçmiş 47 ölkə yer alır.