Rusiya prezidenti Vladimir Putinin Rusiya ordusunun Suriyanın Hələb şəhərinə hava hücumlarını davam etdirmək tələbini rədd edib..
Baki-xeber.com xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Putinin ordunun Hələbin şərqindəki bölgələrdə keçirdiyi hava hücumlarını davam etdirməklə bağlı istəyini rədd etdiyini açıqlayıb.
Hələbə hava hücumlarının məqbul olmadığını nəzərə alan Putin, humanitar dəhlizlərin şəhərdə müxaliflərin nəzarətindəki bölgədən kənarda yaradılması və müxaliflərlə mülki insanların şəhəri tərk etməsi üçün açıq saxlanmasını istəyib.
Peskov "humanitar fasilənin" Vaşinqton rəhbərliyinə mülayim müxalifləri Hələbin şərqindəki “Əl-Qaidə” ilə əlaqəli yaraqlılardan ayırmaq üçün verdiyi sözə əməl etmək üçün imkan yaradacağını deyib.
Bundan əvvəl Suriya xarici işlər naziri Vəlid Muallim və İran xarici işlər naziri Cavad Zəriflə Moskvada görüşən Rusiya xarici işlər naziri Sergey Lavrov Hələbdə Əl Nusra cəphəsilə əlaqəni kəsməyən bütün müxaliflərin hədəf alınacağını bəyan edib.
Lavrov Moskvanın yeni strategiyasını da açıqlayıb və Rusiya hərbi hava qüvvələrinin 10 gündür Hələbdə əməliyyat keçirmədiyini deyib: "Terrorçuların işini bitirmək lazımdır. Necə ki Qərb müttəfiqlərimizin terrorla mübarizəsi yalnız sözdən o tərəfə keçmir, biz də bu işi sonuna qədər aparmaqda qərarlıyıq. Hələbdə mülayim müxaliflərin “Əl Nusra”dan ayrılmağını göstərən bir əlamət yoxdur, buna görə də onların da terrorçu qruplarla eyni şəkildə hədəf sayılmasının vaxtı gəldi".
Rusiya xarici işlər nazirinə görə, buna ABŞ-dan da dəstək alacaqlar. O, "Necə ki, ABŞ dövlət katibi Con Kerri də Hələbdə terrorçu qruplardan ayrılmayan mülayim müxaliflərin, eyni İŞİD və “Əl Nusra” kimi qanuni hədəflər olacağını söyləmişdi" sözlərilə yeni açıq hədəflərinin işarəsini verib.
Burada diqqət çəkən məqam isə Lavrovun bu açıqlamanı müxaliflərin hücuma başlamasından dərhal sonra verməsidir. Rusiya hazırda Əsəd rejimilə birlikdə həftələrdir Hələb şəhərini bombardman edir. Suriyalı müxaliflər şəhərdəki mühasirəni qırmaq üçün dünən böyük bir hücuma başlayıb.
TAHİR