"Üçtərəfli və ikitərəfli görüşlərdə Rusiya ilə İran Suriyanın ərazi bütövlüyünə və suverenliyinə dəstəyini bir daha ifadə ediblər". APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı və suriyalı həmkarları ilə üçtərəfli görüşün yekunlarına dair birgə keçirdiyi mətbuat konfransında bildirib.
"Suriyada terrorçuların məhv edilməsinə, sülhün bərqərar olunmasına, habelə iqtisadiyyatın və mülki infrastrukturun bərpasına hazır olduğumuzu bəyan etdik", - deyə Lavrov qeyd edib.
Rusiya XİN başçısı Suriya nümayəndə heyətinin sabah danışıqlar aparmaq üçün Cenevrəyə getməyə hazır olduğunu söyləyib: "Suriyada siyasi dialoqu bərpa etmək vacibdir. Hamımız Suriya münaqişəsinin siyasi-diplomatik vasitələrlə həllinin tərəfdarıyıq. Bunun başqa yolu yoxdur".
S. Lavrov Suriyada humanitar vəziyyətə də toxunub: "Suriyada humanitar təşkilatlar kifayət qədər peşəkar fəaliyyət göstərmir. BMT-nin humanitar fəaliyyətlə məşğul olan nümayəndələrinin fəaliyyətsizliyi terrorçuların tibbi təxliyəni pozmasına imkan verib. Biz BMT nümayəndələrini hazırda Hələbdə aparılan isterik yalan kampaniyasına inanmamağa çağırırıq".
S. Lavrov deyib ki, Suriyanın İdlib şəhərinə aviazərbələrin Rusiya və Suriya tərəfindən endirilməsinə dair Qərb tərəfindən yayılan məlumatlar uydurmadır. O, ABŞ-ın Suriya ilə bağlı danışıqlarda öhdəliklərini yerinə yetirib-yetirməməsi məsələsinə də toxunub: “Rusiya ABŞ-ın Suriyada müxalifləri terrorçulardan ayırması ilə bağlı öhdəliyini yerinə yetirməsini gözləmir. Bu gün onuncu gündür ki, Rusiya və Suriya Hələb ətrafında hərbi aviasiya uçuşu həyata keçirmir. Əlbəttə ki, bu müddət ərzində şərqi Hələbdə müxalifləri terrorçulardan ayırmaq olardı. Belə çıxır ki, atəşkəsə riayət olunması ilə bağlı çağırışlar ancaq vaxt qazanmaq, ekstremistlərə fasilə vermək üçündür. Təbii ki, onlar da bundan istifadə edirlər”.
Hələbdə humanitar obyektlərə endirilən zərbələrdən danışan rusiyalı nazir bildirib ki, Qərb ölkələri terrorçuluğa qarşı sözdə mübarizə aparırlar: “Hər dəfə biz belə hallarda faktları misal gətiririk. Bizim qərbli həmkarlarımız isə sözlü ittihamlar səsləndirirlər. Qərbli həmkarlarımız antiterror mübarizəsi ilə yalnız sözdə məşğul olurlarsa, biz praktikada işi sona çatdırmağa qərarlıyıq”.