ABŞ Hərbi Hava qüvvələri “Əl-Qaidə” liderlərinin olduğu ehtimal edilən Kunar əyalətinin müəyyən edilmiş nöqtələrinə hava zərbələri endirib, amma onların məhv edildiyinə əmin deyil.
Baki-xeber.com-un əldə etdiyi xəbərə görə, məlumatı Pentaqonun mətbuat katibi Piter Kuk da təsdiqləyib. Açıqlanan yazılı məlumata görə, ABŞ tərəfində terror təşkilatının liderləri Faruk əl-Katani və Bilal əl-Utabinin yerləşdiyi ünvan haqqında məlumat olub və həmin nöqtələr atəşə tutulub. “Hazırda həmin zərbələrin nəticələri dəyərləndirilir”- Kuk bildirib. Pentaqon rəsmisinin sözlərinə görə, sözügedən terrorçu liderlərin məhv edildiyi təsdiqlənərsə, bu, “Əl-Qaidə”nin Əfqanıstandakı mövqelərinə ciddi zərbə olacaq.
Kukun verdiyi informasiyaya görə, əl-Katani Əfqanıstanın şimal-şərq hissəsinin “əmiri” olub. Eyni zamanda o, ABŞ-a və koalisiya qüvvələrinə qarşı bir çox əməliyyatların planlaşdırılması və koordinasiya edilməsilə məşğul olub. Əl-Utabi isə terrorçu qruplaşmanın Əfqanıstanda əvvəlki mövqelərinin bərpası və qruplaşmaya əcnəbilərin cəlb edilməsi işilə məşğul olub.