ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarə İraqın Mosul şəhərində qızlar məktəbini bombalayıb. Baki-xeber.com xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi general-leytenant Sergey Rudskoy bildirib.
Rusiya və Türkiyənin Mosuldakı hadisələrlə bağlı davamlı olaraq təmasda olduğunu deyən Rudskoy bildirib ki, oktyabrın 21-də ABŞ hərbi hava qüvvələrinə aid döyüş təyyarəsi İraqın Mosul şəhərinin cənubundakı qızlar məktəbini vurub.
ABŞ-ın 22 və 23 oktyabrda Mosul və ətrafında mülki hədəfləri vurduğunu və çox sayda sosial təyinatlı obyektin məhv edildiyini bildirən Rudskoy, beynəlxalq koalisiyanın son 3 gün ərzində bombardımanlarında 60-dan çox mülki vətəndaşın öldüyünü, ən az 200 nəfərin yaralandığını deyib: “ABŞ Hərbi-Hava Qüvvələri həmçinin oktyabrın 23-də Mosul yaxınlığındakı Qaraqharab və Əş-Şura yaşayış məntəqələrinə də raket-bomba zərbələri endirib. Zərbələr nəticəsində xeyli sayda sosial təyinatlı obyektlər dağıdılıb”.
Moskvanın Mosuldakı vəziyyəti diqqətlə izlədiyini söyləyən Rudskoy, Rusiya Hava-Kosmos Qüvvələrinin Suriya-İraq sərhədində pilotsuz uçan aparatlarla və müxtəlif kəşfiyyat vasitələrilə havada keşik çəkdiyini deyib. O, koalisiya qüvvələrinin Mosulun azad edilməsilə bağlı bugünə qədər nəzərəçarpacaq irəliləyiş əldə edə bilmədiyini deyib. General, Rusiya döyüş təyyarələrinin İraqdan Suriyaya keçəcək yaraqlıları vurmaq üçün hazır vəziyyətdə olduğunu da vurğulayıb.