ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsində Suriya ilə bağlı şok təklif irəli sürülüb. İddialara görə, mətbuata qapalı toplantıda iştirak edən rəsmilərdən biri Suriya böhranını Əsədi öldürərək həll etməyi təklif edib.
Baki-xeber.com xəbər verir ki, “Foreign Policy” yığıncağda iştirak edən mənbəyə istinadən, "Əsədə sui-qəsd təşkil edilməsi" təklifinə Ağ Evin Yaxın Şərq üzrə keçmiş koordinatoru Filip Qordonun qarşı çıxdığını yazıb.
"Qordon təklifi rədd etdi. Bunun qanuna zidd olduğunu və bir nəticəsi olmayacağını dedi. Çünki bundan sonra da Rusiya və İranın Suriyadakı maraqları aktuallığını qoruyacaq" – deyə mənbə bildirib.
ABŞ Nümayəndələr Məclisindən başqa bir mənbə isə "Əsəd hər hansı bir səbəblə ölsə və ya öldürülsə belə, bu böhranın həllində köklü bir dəyişiklik yaşatmayacaq" deyə bildirib.
Keçən həftə ABŞ Konqresində keçirilən yığıncaqda Əsədin öldürülməsini kimin təklifi etdiyi isə açıqlanmır.
Qeyd edək ki, ABŞ-da 1976-ci ildə qəbul edilən bir fərmanla hökumət səlahiyyətlilərinin siyasi cinayətdə, ya da siyasi cinayət hazırlığında iştirakı qadağan edilir.