İran prezidenti Həsən Ruhani Türkiyənin İraqın şimalına ordu yeritməsini pisləyib. O bildirib ki, Türkiyə Mosulun “İslam Dövləti” qrupundan azad edilməsində iştirak etmək üçün İraq hökumətindən icazə almalıdır.
Ruhani bunun çox təhlükəli olduğunu vurğulayıb.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Bahram Qasemi də hansısa ölkənin terrorçuluqla mübarizə adı altında başqa ölkənin ərazisinə ordu yeritməsini qəbuledilməz adlandırıb.
Öz növbəsində İraqın baş naziri Haydar əl İbadi Türkiyəni Mosul əməliyyatlarından kənar durmağa çağırıb. Amma Ankara bundan imtina edir.
Türkiyənin baş naziri Binali Yıldırım isə deyib ki, Türkiyə ordusu Mosul uğrunda “İslam Dövləti” qrupu ilə vuruşan kürdlərdən ibarət “Peşmərgə” qrupunu dəstəkləyir.
2015-ci ilin sonlarından Mosul ətrafındakı hərbi bazada 1000-dək Türkiyə əsgəri yerləşdirilib. Bu qüvvələr əsasən sünni ərəb birləşmələri və “Peşmərgə” qrupuna təlim keçməklə məşğuldur.